Fransa Sosialist Partiyasının birinci katibi Olivye For 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, For TF1 telekanalının efirində prezidentliyə namizəd olacağını təsdiqləyərək bunu Fransanı daha ədalətli ölkəyə çevirmək istəyi ilə əlaqələndirib.
Siyasətçi bildirib ki, anası Vyetnam əsilli olduğundan miqrantların Fransa cəmiyyətinə inteqrasiyasının tərəfdarıdır. Onun sözlərinə görə, müxtəlif mənşəli insanların ölkə cəmiyyətinə inteqrasiyası Fransanı daha da zənginləşdirir.
For prezident seçkilərində rəsmi şəkildə iştirak etməzdən əvvəl Sosialist Partiyasının vahid namizədi olmağa çalışacaq. Bunun üçün sosialistlər və Rafael Qlyuksmanın rəhbərlik etdiyi “İctimai Tribuna” partiyasının oktyabr ayında tərəfdarları arasında ilkin səsvermə keçirməsi planlaşdırılır.
Forla yanaşı, Sosialist Partiyasının digər üzvləri Filipp Bryun, Jerom Gedj və Seqolen Ruayal da prezidentliyə namizəd olmaq niyyətlərini açıqlayıblar.
