ABŞ İrana qarşı zərbələri yenidən bərpa edə bilər. Bununla belə, Vaşinqton hazırda Tehrana ən ciddi təsirin iqtisadi təzyiqdən gəldiyini düşünür.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset bildirib.
Heqset ABŞ-ın İrana zərbələrinin hazırda “dayandırıldığı” ilə bağlı suala cavab olaraq bunun belə olmadığını deyib. O bildirib ki, zərurət yaranarsa, ABŞ hərbi zərbələr endirəcək.
“İran imkanlarını həddindən artıq qiymətləndirəcək və ya ABŞ Silahlı Qüvvələri ilə qarşıdurmaya girəcək qədər səhv edərsə, biz üzərimizə düşəni edəcəyik”, – Heqset bildirib.
O əlavə edib ki, hazırda İranı ən çox iqtisadi təzyiq zəiflədir. Nazir ABŞ-ın Hörmüz boğazında və ya İran ətrafında hərbi zərbələr endirmək imkanından imtina etmədiyini vurğulayıb.
Heqsetin sözlərinə görə, İranın qarşısında yeganə seçim ABŞ Prezidenti Donald Trampın tələb etdiyi kimi nüvə proqramı ilə bağlı danışıqlar aparmaqdır.
