Qarpız yay mövsümünün ən sevilən meyvələrindən biridir. Lakin böyük ölçüsü səbəbindən onu saxlamaq bəzən çətinlik yaradır.
Ucnoqta.az xəbər verir ki, qida texnologiyası üzrə mütəxəssis İzabella Maçko qarpızın saxlanma müddətini necə uzatmağın yollarını açıqlayıb və onu tez kəsməməyin vacibliyini izah edib.
Mütəxəssisin sözlərinə görə, qarpız klimakterik olmayan meyvələrə aiddir. Bu o deməkdir ki, meyvə tarladan yığıldıqdan sonra yetişməyə davam etmir. Buna görə də təzəliyini itirmə prosesi mağazanın rəfindən başlayır.
Əsas məsləhətlər
Bütöv qarpız: Qarpızı mümkün qədər uzun müddət kəsmədən saxlamaq tövsiyə olunur.
Maçko qeyd edir ki, qarpız kəsildikdən sonra onun saxlanma müddəti əhəmiyyətli dərəcədə azalır. Qabıq oksigenin meyvənin içərisinə daxil olmasının qarşısını alan təbii qoruyucu təbəqə rolunu oynayır. Bütöv qarpızı otaq temperaturunda 1–2 həftə, soyuducuda isə 4 həftəyə qədər saxlamaq mümkündür.
Kəsilmiş qarpız: Kəsildikdən sonra tərkibindəki yüksək su miqdarı səbəbindən qarpızın içi daha tez xarab ola bilər. Buna görə meyvə kəsildikdən dərhal sonra örtülməli və soyuducuya yerləşdirilməlidir.
Kub və dilim şəklində doğranmış qarpızı hava keçirməyən qablarda saxlamaq daha yaxşıdır. Belə halda o, təxminən 3–5 gün təzə qala bilər.
Qarpızın yarısı və ya dörddə biri kimi iri hissələrini isə qida plyonkası, perqament kağızı və ya təmiz qida örtüyü ilə bağlamaq olar. Bu üsulla onlar 7 günədək saxlanıla bilər.
Mütəxəssis qarpızı doğrayarkən qabığını tamamilə çıxarmamağı da məsləhət görür. Qalan qabıq meyvənin içinin hava ilə təmasını azaldır və əlavə qoruyucu təbəqə rolunu oynayır.
