Əllə yazmaq uşaqlara əlifbanı və yeni sözləri klaviaturada yazmaqdan daha yaxşı öyrənməyə və yadda saxlamağa kömək edir.
Ucnoqta.az bildirir ki, “Journal of Experimental Child Psychology” jurnalında dərc olunan araşdırmaya görə, əllə yazarkən düşüncə və yaddaşla əlaqəli beyin bölgələri daha fəal olur. Bu səbəbdən kağız üzərində yazmaq, xüsusilə əlifbanı öyrənmə mərhələsində, klaviaturada yazmaqdan daha effektivdir.
Tədqiqatda 5–6 yaş arasında olan 50 uşaq iştirak edib. Onlara gürcü və erməni əlifbalarından 9 hərf, həmçinin tədqiqatçılar tərəfindən xüsusi olaraq yaradılmış 16 uydurma söz öyrədilib. Uşaqların bir hissəsi hərfləri və sözləri əllə yazıb, digərləri isə klaviaturadan istifadə edib.
Nəticələr göstərib ki, əllə yazan uşaqlar hərfləri və sözlərin quruluşunu daha yaxşı yadda saxlayıblar. Xüsusilə uydurma sözlərin düzgün hərf ardıcıllığını kompüterdə öyrənən uşaqların əksəriyyəti düzgün təkrarlaya bilməyib.
Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, uşaqlar hərfləri əvvəlcə nümunənin üzərindən keçərək məşq etdikdə, daha sonra isə sərbəst yazmağa keçdikdə daha yaxşı nəticə əldə edirlər.
Mütəxəssislər hesab edirlər ki, təhsil prosesində əllə yazmağa üstünlük verilməli, texnoloji cihazlardan isə əlavə vasitə kimi istifadə olunmalıdır.
