Çin dünya üzrə mülki pilotsuz uçuş aparatları (PUA) istehsalının əhəmiyyətli hissəsinə nəzarət edir. Ölkənin bu bazardakı payı 74%-ə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Beynəlxalq Pilotsuz Uçuş Aparatları Federasiyasının baş katibi U Hunning “Rostki: Rusiya və Çin – qarşılıqlı faydalı əməkdaşlıq” forumu çərçivəsində bildirib.
Onun sözlərinə görə, pilotsuz uçuş aparatlarının idxal-ixrac həcmi 5,277 milyon ədəd təşkil edib və dünya mülki PUA bazarının 74%-i Çinin payına düşür.
Federasiyanın baş katibi qeyd edib ki, Çinin payı bitkilərin mühafizəsi, hüquq-mühafizə orqanlarının fəaliyyətində dronlardan istifadə, xəritələşdirmə, geodeziya, logistika və fövqəladə halların nəticələrinin aradan qaldırılması kimi sahələrdə xüsusilə yüksəkdir. Bu istiqamətlərdə Çinin bazar payı 80%-i ötür.
U Hunning bildirib ki, alçaq hündürlüklü iqtisadiyyatın aparıcı sahəsi olan pilotsuz logistika bazarı illik orta hesabla 40%-dən çox artım nümayiş etdirir.
O, Çinin daxili bazarında PUA-ların əsas tətbiq sahələri kimi kənd təsərrüfatında çiləmə və səpin işlərini, bitkilərin mühafizəsini, patrul xidmətini, geodeziya və xəritələşdirməni, həmçinin yol hərəkətinin təhlükəsizliyini göstərib.
