İş adamı Emin Ağalarov ötən gün “Sea Breeze”də baş vermiş hadisə ilə bağlı açıqlama yayıb.
Ucnoqta.az xəbər verir ki, bununla bağlı iş adamı Emin Ağalarov şəxsi instaqram səhifəsində paylaşım edib.
“Şəxsən öz adımdan və bütün “Sea Breeze” komandası adından ailəyə ən dərin və səmimi başsağlığımı bildirirəm. Belə bir anda valideynlərin və yaxınlarının ağrısını yüngülləşdirə biləcək söz yoxdur.
Hazırda hadisənin bütün təfərrüatlarını, o cümlədən uşağın su nasoslarının işlədiyi və hasarlarla əhatələnmiş hovuzun texniki zonasına necə düşdüyünü müəyyənləşdirən araşdırma aparılır. Biz öz tərəfimizdən istintaqa hərtərəfli dəstək veririk.
Uşaqların və böyüklərin təhlükəsizliyi “Sea Breeze” üçün hər zaman mütləq prioritet və öhdəlik olub və olaraq qalır. Kurortun bütün əraziləri və obyektləri mütəmadi olaraq FHN və aidiyyəti qurumlar tərəfindən yoxlanılır. Akvapark üçüncü mövsüm fəaliyyət göstərir və bu müddət ərzində 350 mindən çox qonaq qəbul edib. Baş verən hadisə ilə əlaqədar bütün təhlükəsizlik tədbirləri əlavə olaraq yenidən yoxlanılacaq və gücləndiriləcək.
“Sea Breeze” komandası və şəxsən mən ailəyə bütün lazımi dəstəyi və yardımı göstərəcəyik”, – deyə Emin Ağalarov paylaşımında bildirib.
Qeyd edək ki, avqustun 14-də Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət mərkəzində 2022-ci il təvəllüdlü Abdullayev Akif Cavid oğlunun ayağı hovuzda su nasosunda sıxılı vəziyyətdə qalıb.
Görülən tədbirlərə baxmayaraq, 4 yaşlı uşağı xilas etmək mümkün olmayıb, o, dünyasını dəyişib.
