Niderlandın Hertogenbos şəhərində yüzlərlə fermer traktorlarla küçələrə çıxaraq hökumətin ekoloji siyasətinə etiraz edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə NOS telekanalı məlumat yayıb.
Etirazçılar yerli administrasiya binasının qarşısına toplaşaraq azot emissiyasının normadan artıq olması səbəbilə beş quşçuluq təsərrüfatının fəaliyyət lisenziyasının ləğv edilməsinə etiraz ediblər. Hakimiyyət orqanları hesab edir ki, fermerlərin tullantıların azaldılması istiqamətində atdığı addımlar kifayət deyil və yüksək azot emissiyaları yaxınlıqdakı təbiət qoruğuna mənfi təsir göstərir.
NOS-un məlumatına görə, fermerlər aksiyaya traktorlarla gəlib, plakatlar qaldırıblar. Onlar həmçinin Niderland bayraqlarını tərsinə çevirərək nümayiş etdiriblər.
NL Times qəzetinin məlumatına görə, aksiya bir neçə magistral yolda tıxacların yaranmasına və hərəkətin ləngiməsinə səbəb olub.
