Cənubi Koreya Ukraynaya öldürücü silah tədarük etməmək siyasətinə sadiq qalır.
Ucnoqta.az xəbər verir ki, vu barədə “Yonhap” agentliyi Cənubi Koreya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.
Diplomat bildirib ki, Cənubi Koreya hərbi təyinatlı məhsulların tədarükünü ölkənin daxili qanunvericiliyinə uyğun həyata keçirir. Cənubi Koreya qanunvericiliyi hərbi münaqişənin getdiyi ölkələrə öldürücü silahların tədarükünü qadağan edir.
“Biz Ukraynaya energetika, infrastruktur, səhiyyə və təhsil də daxil olmaqla müxtəlif sahələrdə yardım göstərmişik. Ukraynada sülhün bərpası və ölkənin yenidən qurulması ilə bağlı təkliflər nəzərdən keçiriləcək”, – deyə nazirlik rəsmisi bildirib.
“Yonhap”ın qiymətləndirməsinə görə, bu açıqlamalar Seul hökumətinin Kiyevin yeni silah tədarükü tələbi ilə bağlı ehtiyatlı mövqe tutduğunu göstərir.
Agentlik qeyd edir ki, Cənubi Koreya hökuməti bununla Ukraynaya silah tədarükünün mümkün olmadığına dair əvvəlki mövqeyini bir daha təsdiqləyib.
