Bu gün saat 02:45 radələrində Qax şəhəri ərazisində, şəhər sakini 18 yaşlı Kamran Məmmədovun sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi “Opel” markalı avtomobili maneəyə vurması nəticəsində sərnişini – 17 yaşlı həmyerlisi Elcan Muxtarov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
DİN-dən verilən məlumata görə, avtomobildə ola digər sərnişinlər Ziyad Şahməliyev, Mürsəl Muxtarov, Abdutolif Şahmalı və Ərhan Əlizadə isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.
İlkin ehtimala görə hadisəyə səbəb yüksək sürət amili göstərilir. Belə ki, anidən idarəetmədən çıxan avtomobil əvvəlcə işıq dirəyinə, sonra isə qarşı hərəkət hissəsinə çıxaraq yaşayış evinin divarına çırpılıb.
Baş Dövlət Yol Polisi İdarəsi sürət həddinin aşılması, idarəetmə zamanı diqqətsizliyə yol verilməsi, yol və hava şəraitinin nəzərə alınmaması, eləcə də sürücülük hüququ olmadan avtomobil idarə edilməsi kimi kobud qayda pozuntularının ağır və faciəvi nəticələrə səbəb ola biləcəyini bir daha xatırladır. İdarə bir gəncin həyatına son qoyan bu faciədən düzgün nəticə çıxarmağa, sürücülük hüququ olmayan şəxslərə avtomobil verməməyə və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.
