ABŞ-da 37 yaşlı Virciniya sakini 15 yaşlı məktəblini qaçıraraq dörd il evində qanunsuz saxladığı və ona qarşı cinsi zorakılıq etdiyi iddiası ilə həbs olunub.
Ucnoqta.az xəbər verir ki, bu barədə The Washington Post qəzeti məlumat yayıb. İstintaqın məlumatına görə, hazırda 19 yaşı olan qız 2022-ci il iyunun 23-də Viskonsin ştatının Miluoki şəhərindəki evindən itkin düşmüşdü. Polis onu bu ilin may ayında Virciniya ştatının Blekzberq şəhərində tapıb.
Məlumata əsasən, şübhəli yeniyetmə ilə onun 12 yaşı olanda internet vasitəsilə tanış olub. İstintaqın iddiasına görə, o, qızın ailəsi ilə bağlı problemlərindən istifadə edərək etibarını qazanıb, daha sonra onu şantaj edib və qaçıraraq evində saxlayıb.
Qızın ifadəsinə görə, həmin müddətdə ona məktəbə getməyə icazə verilməyib və müxtəlif zorakılıqlara məruz qalıb. O, may ayında polisə zəng edərək yerini və başına gələnləri bildirib.
Hazırda şübhəli şəxs həbsdədir. Ona 60 maddə üzrə ittiham irəli sürülüb.
