Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan Salyan rayonunun Qaraçala qəsəbə sakini, 2003-cü il təvəllüdlü Hüseynov Elmir Abdul oğlu Salyanda dəfn edilib.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, şəhidin nəşi doğulduğu Qaraçala qəsəbəsinə gətiriləndən sonra yaşadığı evdə vida mərasimi keçirilib. Daha sonra 19 yaşlı şəhid Qaraçala kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət etmiş hərbi qulluqçusu, 2001-ci il təvəllüdlü şəhid Zaqatala rayon Qımır kənd sakini əsgər Turan Tərlan oğlu Məhərrəmovun cənazəsi bu gün doğulduğu kəndinə gətirilib.
Turan Məhhərəmovun yaşadığı evdə təşkil olunan vida mərasimində onun ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Zaqatala Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər. Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub, "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarı səsləndirilib.
Şəhid Turan Məhhərəmov doğulub boya-başa çatdığı Qımır kənd qəbristanlığında dəfn olunub. Onun cənazəsi üzərindəki üç rəngli Azərbaycan bayrağı atasına təqdim olunub, havaya yaylım atəşi açılıb.
Qeyd edək ki, Turan Məhhərəmov nişanlı idi, oktyabrın 9-u onun toy mərasimi olmalıydı.
Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.
