Jurnalist İlkin Abbas keçmiş nişanlısının ailəsindən şikayətləndi: “Toyda bəy yoxdur”
Ucnoqta.az xəbər verir ki, jurnalist İlkin Abbas sosial şəbəkə hesabında paylaşdığı videoda keçmiş nişanlısı və onun ailəsi ilə bağlı açıqlama verib.
O bildirib ki, bir müddət əvvəl nişanlısı ilə ayrılmaq qərarına gəlib və bu barədə hər iki ailəyə məlumat verib. Onun sözlərinə görə, ayrılıqdan sonra təhqir, şantaj və təhdidlərlə üzləşib.
İ.Abbas qeyd edib ki, hazırda Sumqayıtda onun vaxtilə nişanlı olduğu xanımla bağlı toy mərasimi keçirilir:
“Toyda bəy yoxdur. Yəni gəlin var, bəy yoxdur. O bəy də mən olmalı idim. Amma mən orada yoxam. Çünki həmin xanımla 10-12 gün əvvəl ayrılmaq qərarı vermişəm və sivil şəkildə ayrılmışam”.
Jurnalist bildirib ki, nişanlılıq dövründə münasibətlərində ciddi problemlər yaranıb və bu səbəbdən həmin şəxslə ailə qurmağın gələcəyini görməyib.
Onun sözlərinə görə, ayrılmaq qərarından sonra qarşı tərəfdən müxtəlif təzyiqlərlə üzləşib:
“Mənə deyilir ki, sən ayrıla bilməzsən, ayrıldığını desən belə, biz toyu keçirəcəyik. Necə ki, hazırda toy keçirilir. Amma toy kimin üçün keçirilir, kim evlənir, bu, mənə bəlli deyil”.
İ.Abbas həmçinin bildirib ki, toyun keçirilməsinə razı olmadığını qarşı tərəfə və ailəsinə çatdırsa da, buna baxmayaraq mərasim davam etdirilib. O, bununla bağlı səs yazıları və digər faktların olduğunu iddia edib.
Jurnalist keçmiş nişanlısı tərəfindən özünə zərər yetirmə ilə bağlı ifadələrlə şantaj edildiyini də bildirib. O, belə bir hadisənin baş verəcəyi təqdirdə bunun onunla əlaqələndirilməməli olduğunu vurğulayıb.
İ.Abbas qeyd edib ki, münasibətlərin alınmaması səbəbindən ayrılmaq qərarına gəlib və bunu normal şəkildə həyata keçirmək istəyib:
“Bir çox cütlükdə münasibətlər alınmadığı kimi, bizdə də alınmadı və mən ayrılmaq qərarımı normal şəkildə bildirdim. Toyu da normal şəkildə ləğv edə bilərdilər”.
O, sonda keçmiş nişanlısı ilə sivil şəkildə ayrıldığını, ayrılmaq üçün əsaslı səbəblərinin olduğunu və hazırda həm özü, həm də ailəsi tərəfindən təhdid edildiyini iddia edib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
