Pandemiya qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi istiqamətində islahatların genişləndirilməsini zəruri edir
COVİD-19 pandemiyası bütün sahələrdə olduğu kimi ölkələrin sosial müdafiə sistemləri üçün də bir sınaq oldu. Ötən müddət göstərdi ki, əksər ölkələrin sosial müdafiə sistemləri bu sınaqdan uğurlu çıxa bilmədi. Azərbaycanda ilk koronavirus infeksiyasına yoluxma faktı 28 fevral 2020-ci ildə qeydə alındı. Xəstələnən Rusiya Federasiyasının vətəndaşı olan şəxs İrandan Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olundu. Bundan qısa müddət sonra ümumtəhsil məktəblərində dərslər dayandırıldı, şəhərlərarası hərəkətə məhdudiyyət qoyuldu, ölkədə bir neçə dəfə sərt karantin rejimi tətbiq edildi. Bir sıra səhələrdə məhdudiyyət bu gün də davam etməkdədir. İri ticarət mərkəzləri, metro, şadlıq evləri, mərasim zalları, idman salonları və digər bir çox sahələr bügünədək qapalıdır.
Pandemiya dövründə işsizlərin sayı 124.5 min nəfər artıb

Azərbaycanda işsizlərin sayı ilə bağlı zaman-zaman ziddiyyətli fikirlər səsləndirilir. Dövlət Statitika Komitəsi tərəfindən açıqlanan dövrü statistik məlumatlarda işləyən şəxslərlə bağlı informasiya verilsə də, işsizlərlə bağlı heç bir məlumat verilmir. Komitənin açıqladığı məlumata görə, 2020-ci il fevralın 1-i vəziyyətinə əsasən iqtisadi fəal əhalinin sayı 5188,9 min nəfər olub. Onlardan 4937,3 min nəfərini məşğul əhali təşkil edib. Demək, həmin müddətdə Azərbaycanda işləməyənlərin sayı 251,6 min nəfər təşkil edib.
Amma həmin müddətdə Dövlət Məşğulluq Agentliyi tərəfindən qeydiyyata alınan işsiz statusu verilən şəxslərin sayı 86,2 min nəfər olub. Bu fərq işsiz hesab edilmək üçün milli qanunvericilikdə nəzərdə tutulan hüquqi tələblərlə Beynəlxalq Əmək Təşkilatının (BƏT) metodoloji yanaşmasında olan fərqlərdən irəli gəlir. BƏT-nin metodologiyasına görə, müayinə keçirilən dövrdən əvvəlki 4 həftə ərzində işi və qazancı olmayan, fəal iş axtaran və iş təklif ediləcəyi tədqirdə qarşıdakı 2 həftədə işləmək üçün hər hansı məhdudiyyəti olmayan şəxslər işsiz hesab edilir. Əgər müayinəyə cəlb edilmiş şəxs həftə ərzində hətta 1 saat işləyibsə, həmin şəxs işsiz sayılmır.
Amma 2020-ci ilin ilk 3 ayında işsizlərin sayı sabit olaraq 251,6 min nəfər təşkil etsə də, mart-iyun aylarıda 85,9 min ya da 34,14 faiz artıb. 2020-ci ilin 1 iyulunda ölkədəki rəsmi işsizlərin sayı 337.5 min nəfər olub.
2021-ci il fevralın 1-ə olan məlumatlara əsasən ölkədə iqtisadi fəal əhalinin sayı 5253,4 min nəfər olub. Onlardan 4877,3 min nəfərini məşğul əhali təşkil edib. Bununla da işləməyənlərin sayı 376.1 min nəfər təşkil edib. Bu da son 1 il müddətində ölkədə işsizlərin sayının 124.5 min nəfər artması deməkdir.
Baxmayaraq ki, real vəziyyəti təhlil edən ekspertlər real işsizlərin sayının bu rəqəmdən də dəfələrlə çox olduğunu bildirirlər. Pandemiya işsizlərlə bağlı dəqiq statistikanın olmasının vacibliyini bir daha ortaya qoymaqla yanaşı, işsizlərin real sayını da üzə çıxardı.
20 minədək şəxsə işsizlikdən sığorta ödənişi verilməsi üçün tədbirlər görülür
Nazirlər Kabinetinin 2020-ci ildə təsdiqlədiyi Tədbirlər Planı üzrə pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstəyin təmin olunması üçün çoxistiqamətli proqramlar üzrə ayrılan vəsait ilk vaxtlar 2,5 milyard manat nəzərdə tutulurdu. Amma dəstək tədbirlərinin genişləndirilməsi nəticəsində bu vəsaitin məbləği 3,5 milyard manatdan çox olub. Pandemiya dövründə Azərbaycan hökumətinin iqtisadi dəstək paketinin ana xəttini biznesin itkilərinin bir hissəsinin qarşılamaqla yanaşı, həssas sosial qrup insanlara yardım təşkil etdi. İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı vətəndaşlara ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmə müəyyənləşdirildi. Amma həmin birdəfəlik ödəmənin həm məbləğinin, həm də əhatə dairəsinin müəyyənləşdirilməsi asan olmadı. Əvvəcə 200 min insana 190 manat birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulsa da, sonradan dəstək göstəriləcək insanların sayı 3 dəfəyədək artırıldı. Ötən ilin dekabrında isə karantin rejiminin sərtləşdirilməsi ilə tətbiq olunan məhdudiyyətlərin iqtisadi fəallığa təsiri nəzərə alınaraq əvvəlki sərtləşdirilən karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardım göstərilməsi qərara alındı.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən verilən rəsmi məlumata görə, COVİD-19 pandemiyası dövründə Azərbaycanda məşğulluğa və sosial rifaha dəstək tədbirlərindən biri kimi, işsizlər və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlıları əhatə edən birdəfəlik ödəmə proqramı icra olunub. Bu proqrama cəlb olunmaq üçün sayı yüz minlərlə ölçülən müraciətlərin müxtəlif dövlət orqanlarına məxsus 25 fərqli elektron informasiya bazalarından inteqrasiya şəraitində emalı, təhlili və qiymətləndirilməsi, bunun nəticəsi olaraq vətəndaşlara ödəniş təyinatı, yaxud təyinatdan imtina barədə məlumatların göndərilməsi nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin, o cümlədən "e-sosial” portalının və "Məşğulluq” altsistemi tərəfindən həyata keçirilib. Həmin şəxslər işsiz kimi portalda qeydiyyata alınan və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyənlərdən və eyni zamanda, aztəminatlılıq meyarlarına uyğun şəxslərdən ibarət olmaqla müəyyən olunub. İlk mərhələdə birdəfəlik ödəmə verilənlərin 25 faizi Bakı, 4 faizi Sumqayıt və 3 faizi Gəncə şəhərlərində yaşayan şəxslər olub. Qalan 68 faiz isə respublikanın digər bölgələrini əhatə edir.
Yaş bölgüsünə gəldikdə birdəfəlik ödəmə alanlardan 8 faizi 20 yaşa qədər, 42 faizi 20-30, 25 faizi 30-40, 14 faizi 40-50 yaş arası, 11 faizi 50 yaşdan yuxarı olanlardır. Birdəfəlik yardım alanların 42 faizinin 20-30 yaş arasında olan şəxslər təşkil etməsi həm də gənclər arasında işsizlik səviyyəsinin yüksək olduğunu göstərir.
Məlumata görə, hazırda nazirlik tərəfindən 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi ilə əhatə olunması istiqamətində tədbirlər görülür.
“190 manatın zəruri ehtiyacları qarşılamaq üçün yetərli məbləğ deyil”

Məsələyə münasibət bildirən “Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar” İctimai Birliyinin sədri İlqar Hüseynli deyir ki, pandemiya dövründə birdəfəlik müavinət üçün təxminən 1 300 000 insan müraciət edərək işsiz və sosial müdafiəyə ehtiyacı olmalarını bəyan ediblər: “Hətta Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi məlumat açıqladı ki, müraciətlərin çoxluğu səbəbindən qurumun elektron informasiya sistemi məlumatları qəbul edə bilmir. Bu həm də göstərdi ki, ölkədə işsizlərin sayı ilə bağlı dürüst statistika yoxdur. Daha əhatəli olduğu bildirilən 190 manat birdəfəlik ödəmə də yetərli olmadı və ehtiyacı olanları tam əhatə edə bilmədi. 190 manatın zəruri ehtiyacları qarşılamaq üçün yetərli məbləğ olmaması bir tərəfə, həm də ehtiyacı olan xeyli insan bu dəstəkdən kənarda qaldı. Ailəsini günəmuzd işləməkdən aldığı 5-10 manatla dolandıran, amma pandemiya səbəbindən bu gəlirdən də mərhum olan insanın həyat yoldaşı kiçik məbləğdə müavinət alırdısa, yaxud nə zamansa adlarına avtomobil olubsa və bu yalnız sənədlərdə qalırdısa, onlar birdəfəlik müavinət ala bilmədi. Yaxud kiminsə adına torpaq sahəsi varsa, hətta ondan istifadə etməsə belə, müavinət verilmədi. Birdəfəlik yardım verilməsi üçün müəyyən edilən 600 000 şəxsin seçilməsinin də heç bir statistik və elmi əsaslandırması olmadı. Birdəfəlik yardım alan şəxslərin sayı, adı, soyadı ictimaiyyətə açıqlasa da, onların müəyyənləşdirilməsi üçün alətlərlər obyektivlik üçün yetərli deyildi".
"Neftçilərin Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlının qənaətinə görə, pandemiyanın ilk dövründə həyata keçirilən sosial müdafiə tədbirləri müəyyən qədər effektiv olub: "Aztəminatlı ailələrə verilən 190 manat birdəfəlik yardımın məbləği böyük olmasa da, pandemiyanın ilk dövründə ailələrə dəstək oldu. Amma birdəfəlik yardım üçün edilən müraciətlər göstərdi ki, statistik məlumatlar heç də mövcud reallığı əks etdirmir. Xüsusən, işsizliyin səviyyəsi ilə bağlı illərdir səsləndirilən rəqəmlərin real olmadığı göründü. İllərdir ekspertlər ölkədə işsizliyin səviyyəsinin ən azı 10-12 faiz olduğunu desə də, hökumət 4-5 faiz olduğunu iddia edirdi. Bu Dövlət Statistika Komitəsi ilə yanaşı, regionlarda əlaqədar strukturların da fəaliyyətində ciddi qüsurlar olduğunu üzə çıxardı”.
Pandemiya qeyri-formal iqtisadiyyatda çalışanların sosial təminatında problemlər yaratdı

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, pandemiyanın təsirlərini minimumlaşdırmaqla bağlı hazırlanan sosial paket işsizlərə aylıq sosial müavinətin verilməsini nəzərdə tuturdu: "İlkin mərhələdə 200 min vətəndaşa maddi yardım edilməsi nəzərdə tutulsa da, sonradan bu rəqəm 600 minə çatdırıldı. Bu ilin aprel-may aylarında aylıq olaraq 600 min vətəndaş bu sosial dəstəkdən yararlana bildi. Eyni zamanda növbəti aylarda sərt karantin tədbirlərinin davam etdiyi rayonlarda birdəfəlik yardımın verilməsi həyata keçirildi”.
“İşsizlər üçün ödəniş isə birdəfəlik yardım formasında həyata keçirildi. Sonradan aparılan monitorinqlər göstərdi ki, pandemiyadan əvvəl işləyən, amma əmək müqaviləsi olmadan, yəni qeyri-formal iqtisadiyyatda çalışan vətəndaşlarımızın sosial təminatında müəyyən problemlər yaranır. Biz də bu qrupdan olan vətəndaşlara birdəfəlik sosial yardım verilməsi təklifi ilə çıxış etdik. Bu təkliflər qəbul edildi və həmin vətəndaşlar da birdəfəlik yardım aldı. Eyni zamanda bu hal göstərdi ki, qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi istiqamətində islahatların davam etdirilməsi və genişləndirilməsinə ehtiyac var",- deyə Vüqar Bayramov qeyd edib.
BMT-nin Sosial İnkişaf Komissiyasının 2021-ci ilin fevralında keçirilən 59-cü sessiyasının Nazirlər Forumunda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, pandemiya dövründə iş yerlərinin qorunması sahəsində tədbirlər görülüb: “Xüsusi karantin dövründə işə çıxmayan 900 min işçinin əməkhaqları ardıcıl ödənilib. İşsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min şəxs birdəfəlik ödəmələrlə təmin olunub”.
Pandemiya oturuşmuş sosial müdafiə sistemi olan ölkələri də ciddi problemlərlə üz-üzə qoydu. Azərbaycanda da işsizliyin səviyyəsi ilə bağlı illərdir səsləndirilən rəqəmlərin reallıqla uyğunlaşmadığı bir daha üzə çıxdı. Bu isə ölkənin həyata keçirdiyi sosial müdafiə tədbirlərinin effektivliyini aşağı saldı. Çünki dəqiq statistik məlumat bazası olmadan hazırlanan və həyata keçirilən proqramlar səmərəli olmur. Bunun acı nəticəsini isə özündən asılı olmayan səbəbdən işsiz qalan, hüquqları pozulan yüzminlərlə insan öz həyatında yaşayır.
Pünhan Əfəndiyev
