Türk dövlətlərindən olan şəhidlərin övladları "tək ürək" adı altında bir araya gəldilər - Foto

20:22 - 18 Mart 2021 - Cəmiyyət

"YAŞAT" Fondunun təşəbbüsü ilə şəhidlərimizin övladları  "Övladlarımız Tək Ürək" 18 Mart Şəhidləri Anma və Çanakkale Dəniz Zəfərinin 106-cı ildönümünə həsr olunmuş Proqramda iştirak ediblər.

Ucnoqta.az xəbər verir ki, proqram Türkiyənin Vətən Ulduzları Fondunun təşkilatçılığı ilə 17-18 mart tarixində Ankara şəhərində reallaşdırılıb.  Məqsəd Çanakkale zəfərinin qürurunu yaşadan, Vətənin birliyi, müstəqilliyi və bütövlüyü uğrunda canlarını fəda etmiş əziz şəhidləri anmaq olub.

Tədbirdə Türkiyə, Azərbaycan, Türkmənistan, Şimali Kiprdən olan şəhidlərin övladları iştirak ediblər. 

Tarixdə ilk dəfədir təşkil olunmuş bu cür Proqramda türk dövlətlərindən olan şəhidlərin övladları "tək ürək" adı altında bir araya gəliblər. 

Proqram çərçivəsində  Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı - Anıtqəbrə ziyarət, müxtəlif tarixi və etnoqrafik məkanlara, muzeylərə ekskursiyalar, o cümlədən sərgilər və musiqili tədbirlər təşkil olunub.

Xatırladaq ki, 10-13 mart tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib. Səfər çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondlarla “YAŞAT” Fondu arasında əməkdaşlıqla bağlı razılıq əldə olunub. 

Məhz şəhidlərimizin övladlarının müvafiq Proqramda iştirakı əməkdaşlıqla bağlı əldə olunmuş razılıq tədbirləri çərçivəsində baş tutub. Tədbirə Vətən müharibəsi şəhidlərimizin 17-22 yaş aralığında olan övladları qatılıblar.


Xəbər xətti