Polşa klubu Mahir Emreliyə təklif göndərdi, amma ...

16:22 - 22 Fevral 2021 - İDMAN

Polşanın "Zaqlembe" klubu yaxından maraqlandığı Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emrelinin əvəzinə yeni hücumçu alıb.

"Report" xəbər verir ki, bu barədə Polşada fəaliyyət göstərən ispaniyalı jurnalist Eugenio Qonsales Agilera tvitterdə yazıb.

O, "Zaqlembe"nin İsveçrə "Sion"unda çıxış edən latviyalı Robert Uldrikislə müqavilə imzalayacağını bildirib. Agileranın sözlərinə görə, Polşa təmsilçisi hücumçuları Samuel Mraz, Rok Sirk və Patrik Şiş zəif çıxış etdikləri üçün yeni forvard axtarıb: "Klub Mahir Emreli üçün təklif göndərdi, lakin "Qarabağ" yüksək məbləğ tələb etdi".

Qeyd edək ki, Mahir Emreli "Zaqlembe"dən başqa Polşanın "Rakuv" klubundan da təklif almışdı. 24 yaşlı hücumçu mövsümün sonuna kimi "Qarabağ"da qalmağa qərar verib. Onun Ağdam klubu ilə sözləşməsi yayda başa çatacaq.

Xəbər xətti