Kəmaləddin Heydərov Şamaxıda zəlzələ baş verən əraziyə gedib

09:11 - 6 Fevral 2019 - Xəbər

Ötən gecə baş verən zəlzələnin fəsadları ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətində komissiya yaradılıb. Bu barədə Trend-ə Şamaxı Rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, hadisə ilə bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxıya gedib: "Hazırda nazir və rayon rəhbərliyi hadisə nəticəsində dağıntı olan əraziyə baxış keçirilir. Komissiya dəymiş zərərin müəyyənləşdirilməsinə başlayıb". Xatırladaq ki, fevralın 5-də yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Digər 5,3 bal gücündə zəlzələ yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 10 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınıb. Yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5,3 bala qədər hiss olunub.

Xəbər xətti