Yanvar 30-da saat 11:44-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, Eynallı kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Ucnoqta.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Ağstafa rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilmişdir. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tərkibində heç bir partladıcı maddə olmayan 82 mm-lik minaatan mərmisi (OF-832) aşkar olunmuş, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.
Minaatan mərminin ətrafında 1,600 kv.m əraziyə yerüstü, 500 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.