Ali Məhkəmənin Plenumu üç ayda bir dəfədən az olmayaraq çağırılır

18:16 - 30 Yanvar 2019 - KİVDF

Ali Məhkəmənin Plenumunun tərkibinə daxil olan şəxslərin öz səlahiyyətləri daxilində bərabər hüquqları vardır

 “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması yolverilməzdir.
  İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulaıb. Avropa Məhkəməsi “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə 22 dekabr 2009-cu il tarixli qərarında qeyd edib ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir.

 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin (Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə inzibati-iqtisadi məhkəməyə aiddirsə, tələblərə ümumi məhkəmədə baxılmalıdır) şərh edilməsinə dair qərarında qeyd edib ki, "Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur.   Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.    

 İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsini və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79 və 80-ci maddələrini rəhbər tutur.

Konstitusiyanın 131-ci maddəsinə görə, Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır; o, kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir; məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları dərc edilməlidir.
“Məhkəmələr və hakimlər haqqında” qanunun 79-cu maddəsi ilə  Ali Məhkəmənin Plenumu və onun səlahiyyətləri tənzimlənir. Bu maddədə bildirilir ki, Ali Məhkəmənin Plenumunun tərkibinə daxil olan şəxslərin öz səlahiyyətləri daxilində bərabər hüquqları vardır. Ali Məhkəmənin Plenumu:Azərbaycan Respublikası məhkəmələrində qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri üzrə məhkəmə sədrlərinin məlumatlarını dinləyir və ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair Ali Məhkəmə sədrinin, onun müavininin və kollegiya sədrlərinin, apellyasiya məhkəmələri sədrlərinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin və digər ümumi və ixtisaslaşdırılmış məhkəmə sədrlərinin məlumatlarını dinləyir, işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili barədə materiallara baxır. Bu qanunun 80-ci maddəsi Ali Məhkəmənin Plenumunun iş qaydasını tənzimləyir. Maddəyə əsasən Ali Məhkəmənin Plenumu üç ayda bir dəfədən az olmayaraq çağırılır.

Ali Məhkəmənin sədri Ali Məhkəmənin Plenumunun iclaslarına sədrlik edir.  Ali Məhkəmənin Plenumunun iclaslarında əlavə kassasiya qaydasında və ya hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə işlərin baxılmasında müdafiə tərəfin iştirakı təmin edilir. Ali Məhkəmənin Plenumunun çağırılması vaxtı və müzakirə çıxarılan məsələlər barədə Plenumun üzvlərinə və Plenumda iştirak edən digər şəxslərə Plenuma ən geci 10 gün qalmışməlumat verilir, qərar layihələri və başqa materiallar onlara təqdim olunur.
Ali Məhkəmənin Plenumu üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə Plenumun iclası səlahiyyətli sayılır. Ali Məhkəmənin Plenumunun qərarları açıq səsvermə yolu ilə səsvermədə iştirak edənlərin səs çoxluğu ilə qəbul olunur. Ali Məhkəmənin Plenumunun üzvləri məhkəmə işləri üzrə  səsvermədə bitərəf qala bilməzlər. Ali Məhkəmənin Plenumuna sədrlik edən başqa hakimlərlə yanaşı səsvermədə iştirak edir və axırıncı səs verir. Ali Məhkəmənin Plenumunun işində iştirak edən digər şəxslər, həmçinin Ali Məhkəmənin sədri məhkəmə qərarlarından əlavə kassasiya qaydasında və yeni açılmış hallara görə Ali Məhkəmənin Plenumuna verdiyi təqdimatlarla əlaqədar baxılan işlər üzrə səsvermədə iştirak etmirlər. Plenum baxılan məsələlər üzrə qərarlar qəbul edir. Plenumun qərarlarını və iclas protokollarını iclasa sədrlik edən imzalayır.

Ali Məhkəmənin aparatı Plenumun iclaslarının hazırlanmasına dair təşkilati işləri həyata keçirir, protokolun aparılmasını təmin edir, Plenumun qəbul etdiyi qərarların icrası üçün digər zəruri işlər görür. Məhkumun vəziyyətini ağırlaşdıran əsaslara görə məhkəmə qərarları, bəraət hökmü, bəraətverici əsaslarla cinayət işinin icraatına xitam verilməsi haqqında məhkəmə qərarları səsvermədəiştirak edən Plenum iştirakçılarının üçdə iki səs çoxluğu ilə ləğv edilə bilər.
 Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.  Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.

İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.  İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.

(davamı var)

Xəbər xətti