“Bəzi valideynlər övladlarına həddindən artıq azadlıq verirlər”

13:16 - 29 Yanvar 2019 - Cəmiyyət

Fərqanə Mehmanqızı: “Qaydaların və qadağaların səbəblərini övladına anlatmaq lazımdır ki, uşaqda heç bir travmatik psixoloji, patoloji problemlər yaranmasın”

Deyir ki, bu gün “uşaq azadlığı” - deyilən bir tendensiya, şablon söz var. Deyirlər ki, uşağı azad buraxmaq, öz seçimlərini müstəqil şəkildə etməsinə icazə vermək lazımdır. Burda da bəzən valideynlərin dozanı həddindən artıq çox etdiyini nəzərə çatdırır: “Yəni psixoloqların dedikləri azadlıq fikrini düzgün dəyərləndirmir və övladlarına həddindən artıq azadlıq verirlər. Hər bir evin qaydaları və hər bir ailənin üzərinə düşən öhdəliklər var. Eləcə də uşağın üzərinə düşən məsuliyyət və öhdəliklər var ki, bunu hər bir uşaq yerinə yetirməlidir. Və bu müzakirə olunmamalıdır. Bu zaman uşaq məsuliyyət, özgüvən, disiplin və qayğı öhdəliklərini götürə bilir. Və nəinki ailədaxili, həmçinin cəmiyyət içərisində özünü düzgün şəxsiyyət, fərd olaraq sağlam psixologiyada aparmağı bilir”.
Bu sözləri “Üç nöqtə” qəzetinin qonağı psixoloq Fərqanə Mehmanqızı dedi. Həmsöhbətim ilə uşaqların zərərli vərdişlərindən danışdıq.

“Vərdiş uşağın ailəsini manipulyasiya etməsidir”

Psixoloq deyir ki, uşaqların etdiyi zərərli vərdişlər valideynlərin və ətrafın baxışı, nəyi zərərli hesab etdikləri ilə bağlıdır. Bu gün uşaqların etdiyi ən zərərli vərdiş, xasiyyət valideyni isterika ilə idarə etməkdir: “Uşaqlar ağlamaqla, səsini başına atmaqla, hər hansı aqressiv hərəkət etməklə valideynə dediklərini etdirməyə çalışırlar. Valideyn də çarəsiz qaldığını düşünür və uşağın dediklərini edir. Bu tamamilə yanlış hərəkətdir və yolverilməzdir. Bu, övladını bilə-bilə oda, alova atmaq deməkdir. Bundan sonra uşaqlarda zərərli vərdişlər əmələ gəlməyə başlayır. Bunlar kompüter oyunlarına meyl etmək, dırnaq yemək, isterikaya qoşulub böyük-kiçik saymamaq, ailədaxili qanunları yerinə yetirməmək və sairədir. Çox zaman zərərli vərdişlər dedikdə bunların adını çəkirlər. Amma mən deməzdim bu vərdişdir, bu hər hansı problemin nəticəsidir. Vərdiş uşağın ailəsini manipulyasiya etməsidir. Çünki artıq uşaq buna vərdiş edib. Amma kompüter, yaxud televizor qarşısında oturmaq düzgün olmayan psixoloji yanaşmanın nəticəsidir”. 

“Ailədaxili qanunlara böyüklü-kiçikli hər kəs əməl etməlidir”

F.Mehmanqızının sözlərinə görə, uşaqlarda zərərli vərdişlərin yaranmasının qarşısını almaq üçün mütləq şəkildə disiplin olmalıdır: “Ailədaxili qanunlara böyüklü-kiçikli hər kəs əməl etməlidir, eləcə də uşaq... Kompüter oyunlarını misal göstərə bilərik. Uşağın kompüter oyunlarına vərdiş etməsinin nəyin  nəticəsində əmələ gəldiyini psixo-analiz etmək lazımdır. Bunun üçün mütləq şəkildə mütəxəssisə müraciət etmək lazımdır. Mütəxəssis uşağın psixo-portretini çəkməli, psixo-analiz etməli, diaqnoz qoymalı, şəxsiyyətində olan narahatlıqları, müsbət və mənfiləri üzə çıxarmalıdır. Və bundan sonra valideynə uşağın şəxsiyyəti ilə narahatlıqları deməlidir”.

“Bəzi valideynlər övladlarına həddindən artıq azadlıq verirlər”

Psixoloq vurğulayır ki, daha sonrakı mərhələ problemin həlli yollarıdır. Onun sözlərinə görə, bir çox məqamlarda valideyn psixoloqun dediklərini evə gəldikdən sonra həyata keçirə bilmir. Çünki uşaq ailəsini, valideynlərini manipulyasiya edir, valideynin dominantlığını, avtoritetliyini qəbul etmir: “Bu gün “uşaq azadlığı”- deyilən bir tendensiya, şablon söz var. Deyirlər ki, uşağı azad buraxmaq, öz seçimlərini müstəqil şəkildə etməsinə icazə vermək lazımdır. Burda da bəzən valideynlər dozanı həddindən artıq çox edirlər. Yəni psixoloqların dedikləri azadlıq fikrini düzgün dəyərləndirmir və övladlarına həddindən artıq azadlıq verirlər. Hər bir evin qaydaları və hər bir ailənin üzərinə düşən öhdəliklər var. Eləcə də uşağın üzərinə düşən məsuliyyət və öhdəliklər var. Və bunu hər bir uşaq yerinə yetirməlidir. Bu müzakirə olunmamalıdır. Bu zaman uşaq məsuliyyət, özgüvən, disiplin və qayğı öhdəliklərini götürə bilir. Və nəinki ailədaxili, həmçinin cəmiyyət içərisində özünü düzgün şəxsiyyət, fərd olaraq sağlam psixologiyada aparmağı bilir”. 

“Uşağın valideynini manipulyasiya etməsinin təsəvvür edilməyəcək dərəcədə çox fəsadları olur”

Həmsöhbətim bildirir ki, bu gün ailəsini manipulyasiya edən, özgüvənsiz və şəxsiyyətində problem olaraq böyüyən uşaqların valideynləri övladları 9-10 yaşına çatanda şikayət etməyə başlayırlar: “Deyirlər ki, uşağım məni eşitmir, dediyim heç nəyə əməl etmir, pozulub və s. Amma bunun hamısının günahkarı elə valideynlər özləridir. Fikrimcə, uşağın şəxsiyyətində, xarakterində olan mənfi və müsbət keyfiyyətlərin cavabdehi valideyndir. Çünki uşağı valideyn yetişdirir. Uşaqlarda zərərli vərdişlərin yaranmasının qarşısını almaq üçün qaydalar olmalı və uşaq bu qaydalar içərisində azad olmalıdır. Qaydalar və məsuliyyət çərçivəsində olduqda hər şey gözəl olacaq. Uşağın valideynini manipulyasiya etməsinin təsəvvür edilməyəcək dərəcədə çox fəsadları olur. Valideynlər bunun fəsadlarını övladları böyüdükcə, xüsusilə də yeniyetməlik dövrünə çatdıqda görəcəklər. İdarəolunmaz bir vəziyyət yaranacaq. İdarəolunmaz deyəndə çox adamlar bunu hərfi mənada başa düşür. Amma elə deyil, daha rahat və azad qaydalara əməl etməyən, məsuliyyət hissi olmayan bir şəxsiyyət yetişəcək. Bu həm cəmiyyətə, həm ailəyə, həm də şəxsin özünə ziyandır”.

“Qaydaların və qadağaların səbəblərini övladına anlatmaq lazımdır”

Uşağın zərərli vərdişlərindən birinin də dırnaq yemək olduğunu nəzərə çatdıran psixoloq deyir ki, dırnaq yemək o psixoloji halın nəticəsidir ki, uşaq özgüvənsizdir, ailə tərəfindən qarşılıqlı münasibətdə və anlaşmada deyil: “Eləcə də uşaq cəmiyyətdən qırılır və kompüter oyunlarına keçir, orda özünü tətmin edir, ailə tərəfindən qəbul olunmur. Çox vaxt uşağa azadlıq verirlər ki, guya özgüvənli olsun. Amma uşağı dinləmək lazımdır. Ona qanun qoyanda da dinləmək lazımdır. Bu, valideynin qanunudur, valideynlik, böyüklük məsuliyyətidir. Nə uşağın hər dediyini etmək, nə də dediklərini birdəfəlik kəsib atmaq olmaz. Övladını dinləmək, onun hər fikrinə hörmətlə yanaşıb fikir mübadiləsi etmək lazımdır. Qaydaların və qadağaların səbəblərini övladına anlatmaq lazımdır ki, uşaqda heç bir travmatik psixoloji, patoloji problemlər yaranmasın. Onun qarşısını almaq üçün ancaq uşaqla düzgün ünsiyyət, düzgün qaydalar, özgüvən yaratmaq, ona sevgi göstərmək, lazımlı olduğunu hiss etdirmək lazımdır. Bunun nəticəsində uşaq düzgün şəxsiyyət kimi formalaşacaq”.

“Uşaqla psixoloji rəftarı unutmamaq lazımdır”

Uşağı sərt şəkildə tənqid etmənin düzgün olmadığını bildirən və bir çox fəsadlarından danışan F.Mehmanqızınını sözlərinə görə, bu, aqressiyaya səbəb olacaq və övladının valideyni dinləməməyinə gətirib çıxaracaq: “Qanunlar əvvəlcədən qoyulmalı və bütün ailə üzvləri yerinə yetirməlidir. Bu qanunlardan əlavə uşaqla psixoloji rəftarı unutmamaq lazımdır. Burda söhbət  sevgi, qayğı, dayanıqlılıq, məsuliyyət, uşağını dinləmək, onun qərarlarına, öz qərarlarına hörmət etmək, öyrənmək və öyrətməkdən gedir. Bütün bunlar çox vacibdir. Əgər valideyn təkbaşına bunun öhdəsindən gələ bilmirsə, zərərin yarasından dönmək üçün mütləq şəkildə mütəxəssisə müraciət etməlidir. Mütəxəssis uşağı psixoanaliz etdikdən sonra, valideynə bunun texnikasını başa salır. Mütəxəssislər bunun üçündür. Bu işi hər kəs özü görə bilsəydi bu qədər elm, kitablar və mütəxəssislər olmazdı”. 

“Uşaqlar zərərli vərdişləri ətrafından öyrənirlər”

Valideynlərin övladlarını pis vərdişlərdən çəkindirmək üçün sərt tərbiyə üsullardan istifadə etməsi məsələsinə münasibət bildirən psixoloq deyir ki, bu uşaqlarda həddindən artıq aqressiya, cəmiyyətə, valideynə nifrət və özgüvənsizlik yarada bilər: “Və sonda ən təhlükəli olan suisidliyə gətirib çıxara bilər. Uşağın şəxsiyyətinin formalaşması onun ətrafında olan insanların bir-birinə və ona olan münasibətindən yaranır. Bunu hər zaman vurğulayıram. Əgər qırılmalar olsa uşaq özündən, ailəsindən və cəmiyyətdən qopur. Buna görə də mühit ən vacib məsələlərdən biridir. Uşaqlar zərərli vərdişləri ətrafından öyrənirlər. Bütün günü seriala baxan ananın övladı bütün günü kompüterdə, yaxud telefonda oyun oynayacaq. Bütün günü qışqıran valideynlərin uşağı eyni şeyi edəcək. Yeniyetməlik dövründə də siqaret, azart oyunları və s. kimi vərdişlər valideynlərin uşaqlıqda övladlarının şəxsiyyətində qoyduğu problemlərin nəticəsidir. Bu gün informasiya boldur, uşaq haradan istəsə öyrənə bilər. Amma təməl düzgün qoyulsa, yeniyetmənin zərərli vərdişlərə meyli qətiyyən olmaz”.

Könül Oruc

Xəbər xətti