“Qızların təhsildən yayınmasında erkən nikah faktoru böyük rol oynayır”

19:00 - 22 Yanvar 2019 - Cəmiyyət

Asif Bayramov: “Qızların təhsili ilə daha yaxından maraqlanmaq və onları elmə, biliyə yönəltmək lazımdır”
Kamran Əsədov: “Kənd yerlərində qızlar adətən səkkizinci sinifdə oxuyarkən nişanlanır ki, bununla da onların təhsil alması arxa plana keçir”


Deyirlər “tez evlənənlə tez yuxudan oyanan qazanar”. Bu ifadəni yaşlılar, nənə-babalar, hətta valideynlərin dilindən eşidirik. Onar övladlarının evlənib oğul-uşaq sahibi olmalarını istəyirlər. Elə bu səbəbdən evliliyə nə psixoloji, nə də fiziki baxımından hazır olmayan qızlar erkən evliliyə təhrik edilirlər. Boşanmaların statistikasını nəzərə alsaq, aydın olar ki, hətta bunun səbəblərindən biri erkən evliliklərdir. Erkən evliliklərdə valideynlərin rolu nə dərəcədədir? Azyaşlı qızların erkən yaşda ərə verilərək təhsildən yayındırılması cəmiyyətimizə necə təsir göstərir?

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən sosioloq Asif Bayramov bildirdi ki, bu məsələ Azərbaycan cəmiyyəti üçün aktual məsələdir. Çünki bu, bütün ölkəmiz üçün xarakterikdir: “Xüsusən cənub bölgələrində erkən evlilik faktları daha çoxdur. Ümumiyyətlə, bu, Azərbaycanda sovet hakimiyyəti qurulana qədər yayılmış dünya görüşündən, dini inancımızdan gələn ənənədir. Burda erkən evlilik xüsusi yer tutur. Xüsusən də bədii ədəbiyyatda bu kimi faktlara da rast gəlinir. O cümlədən xalq inancında, el arasında deyilən sözlərdə də, təxmini bunu təsdiq edən kifayət qədər ideomlar var. Məsələn: qızı papaqla vur, əgər yıxılmadısa, ərə ver. Təsəvvür edək ki, belə bir düşüncə tərzi ilə yetişmiş cəmiyyət, sovet hakimiyyəti illərində, bütövlükdə,  ümumtəhsilin təsiri altında tədricən qərb dünya görüşünü mənimsəmişdir. Ancaq təhsil ənənəsindən kənarda qalan bölgələrdə həmin təfəkkür bu gün də mövcuddur. Sovet hakimiyyəti dağılandan sonra İranın daha çox təsirində olan cənub bölgəsində həmin şüur dini şüurla bərabər ictimai heyətə ayaq açdı. Ancaq qərb bölgələrində təhsil ənənəsi yüksək səviyyədə olduğuna görə, o cümlədən İranın və digər faktorların təsirindən uzaq da olduğu üçün, həmin bölgədə bu ənənə yenidən bərpa olunmadı”.

Sosioloq düşünür ki, milli faktorun Azərbaycana qayıtması ailə modelimizə, eləcə də evlənmək ənənəmizə neqativ təsirini göstərir: “Çünki dini dünya görüşü artıq öz dövrünü yaşamış, başa vurmuş dünya görüşüdür, bir dəyərlər sistemidir. Bəşəriyyət, bütövlükdə qərb dünyası tamamilə fərqli yeni dəyərlərlə yaşayır. Və yeddinci əsrə məxsus olan bir çox ailə dəyərlərini iyirmi birinci əsrdə yenidən ictimai həyata qaytarmağımız inkişafımızı ləngidən faktora çevrilər. Belə düşünürəm ki, əgər erkən evlənmək ənənəsi bir tendensiyaya çevrilibsə, demək ki, orda təhsilimizi üstələyən hansısa bir ideoloji düşüncənin, dünya görüşünün mövcudluğunu axtarmaq lazımdır. Və həmin təhlükəli tendensiyanın qarşısını vaxtında almaq lazımdır. Çünki bir dövlət olaraq çalışırıq ki, Azərbaycanın cənub bölgəsində erkən evlənmə ənənəsini tədricən aradan qaldıraq. Və bunun üçün də qızların təhsili ilə daha yaxından maraqlanmaq və onları elmə, biliyə yönəltmək lazımdır. Çünki təhsildən kənarda qalan cəmiyyətdə cahillik və nadanlıq hökm sürür”. 

A.Bayramov deyir ki, erkən nikahların qarşısının alınması üçün dövlətin müvafiq qanunverici bazası mövcuddur: “Belə ki, 17 yaşdan tez qız uşağının ərə verilməsi qanunvericiliyə görə, onun formasından asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Azərbaycanda dövlət səviyyəsində artıq bu problem tənzimlənir. Ancaq təbii ki bunun qarşısını həmişə almaq olmur, çünki müxtəlif bölgələrdə, ucqar kəndlərdə bu tipli hadisələr baş verir və bu hadisələrdən hər zaman xəbər tutmaq olmur”. 

Sosioloq bildirir ki, azyaşlı uşaqların hüquqlarının müdafiəsi məsələsinə gəlincə, söhbət ailədən kənar doğulmuş uşaqlardan gedə bilər, çünki ailə daxilində doğulmuş uşaqların hüquqları onun valideynləri tərəfindən təmin olunur: “Azərbaycanda təkcə 2018-ci ilin noyabr ayının statistikasına görə, 11 min ailə boşanıb. Nəzər alsaq ki, bir ay ərzində də təxminən min ailə boşa bilərdi, belə olan zaman say 12 minə çatır. Və əgər hər il 12 min ailə ayrılırsa, deməli bir ailədə bir və ya iki körpə valideyn hüququndan məhrum olunur, atadan, yaxud anadan ayrı yaşayır. Belə olan halda isə, uşaqların hüquqlarının müdafiəsi problemi ortaya çıxır. Bu məsələ qanunvericiliyimizdə kifayət qədər nəzərə alınıb və müvafiq qanunlarla tənzimlənir”.  

Təhsil eksperti Kamran Əsədov deyir ki, təkcə paytaxtda deyil, respublikanın ən ucqar dağ rayonlarında müasir standartlara cavab verən məktəblər fəaliyyət göstərir. Həmin məktəblərdə yüksək səviyyədə təhsil əldə edilməsi məqsədilə hər cür şərait yaradılıb, müasir avadanlıqla təmin edilib: “Təəssüf ki, bütün bunlara baxmayaraq, hələ də orta məktəblərimizdə bir sıra çatışmazlıqlar davam etməkdədir. Narahatedici məqam ondan ibarətdir ki, həmin problemlər təhsil sahəsində əldə edilən bütün uğurları gözdən salır. Özü də bunlar subyektiv səbəblərdən yaranan problemlər olduğundan onları aradan qaldırmaq elə də çətinlik yaratmır. Sadəcə, bunun üçün yaranmış mühiti aradan qaldırmaq kifayətdir ki, məktəblərdə normal tədrisi həyata keçirmək mümkün olsun. Söhbət region məktəblərində qızların təhsildən yayınmasından gedir ki, artıq bu problem kütləvi hal almaqdadır. Məlumat üçün qeyd edim ki, xüsusən kənd rayonlarında qızların təhsilə davamiyyəti olduqca aşağı səviyyədədir”. 

Ekspert deyir ki, apardıqları araşdırmalardan məlum olur ki, kənd yerlərində qızların təhsildən yayınması bir sıra səbəblərlə bağlıdır: “Bu səbəblərin kökündə isə insanların maddi ehtiyaclarının ödənilməsi durur. Qeyd edim ki, ən çox hallarda yuxarı sinif şagirdlərinin məktəbə gəlməsi problemə çevrilir ki, bu da qızların erkən yaşda nikaha daxil olması ilə əlaqədardır. Kənd yerlərində qızlar adətən səkkizinci sinifdə oxuyarkən nişanlanır ki, bununla da onların təhsil alması arxa plana keçir. Belə hallar respublikanın şimal və cənub rayonlarında daha geniş yayılıb. Elə hallar olur ki, hətta qızın nişanlısı onun yazı işi yazmaqdan ötrü məktəbə getməsinə irad tutur. Beləliklə, qızlar formal olaraq orta məktəbdə təhsil alırlar. Qızların təhsildən yayınmasının digər səbəbi valideynlərin laqeydliyi ucbatından baş verir ki, bunun da sorğu-sualını aparan yoxdur. Belə ki, kiçik ticarətlə məşğul olan valideynlər 12-13 yaşlı qızlarını dükanda işləməyə cəlb edirlər ki, bu da onların gündəlik həyat tərzinə çevrilir. Valideynlər isə özləri əlavə gəlir əldə etmək məqsədilə başqa işlə məşğul olurlar. Üçüncü bir səbəb, məktəb yaşlı qızların ailə təsərrüfatında işə cəlb edilməsidir ki, belə hallar daha çox aran rayonlarında genişlənib. Kiçik yaşlı qız uşaqları fermer təsərrüfatlarında pambıq, üzüm yığır, yaxud tarla işlərində çalışırlar. Məhz bu səbəbdən regionlarda qızların ali təhsil alması müşkül məsələyə çevrilib. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, regionlardan ali təhsil almaq üçün sənəd verən qızların sayı oğlanlardan dəfələrlə azdır. Hətta Lerik və Yardımlı kimi dağ rayonlarından olduqca az sayda qızlar ali təhsil almaq üçün sənəd verirlər”.

Ekspert deyir ki, hər il DİM-in (keçmiş TQDK) cari tədris illəri üçün ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun elmi-statistik təhlillərinə baxanda bu mənzərəni açıq şəkildə görmək mümkündür: “Belə ki, məktəblərdə 9-cu sinifdə qızların sayı normal olsa da, 11-ci sinifdə qızların sayı kəskin azalır. Son illərin rəqəmlərinə baxanda görürük ki, ölkənin Aran, Muğan və Cənub zonalarında qadınların təhsildən yayınması faktları mövcuddur. Xüsusilə Saatlı, Sabirabad, İmişli, Beyləqan, Astara, Lerik, Yardımlı rayonlarında demək olar ki, qızlar təhsildən uzaqlaşıblar. Eyni problem Bakı kəndlərində də hökm sürməkdədir”.

Ekspertin qızların təhsildən yayınması ilə bağlı apardığı tədqiqatlar göstərir ki, Azərbaycanda qızların təhsildən yayınmasında erkən nikah faktoru böyük rol oynayır. Onun sözlərinə görə, çünki təhsildən yayınan qızlar erkən ailə qururlar: “Qanunvericilikdə erkən nikaha təhrik etmə ilə bağlı azadlıqdan məhrumetmə və yüksək məbləğdə cərimənin təyini belə halların qarşısını qismən də olsa alır. Amma təəssüf ki, hələ belə hallar qalmaqdadır. Elə təhsildən yayınma ilə bağlı statistikanı böyüdən səbəb də nikahdan kənar doğulan uşaqlardır. Nikahdan kənar uşaqların çoxu isə erkən nikahlardan yaranır. 2013-2017-ci  illərdə nikahdan kənar doğulan uşaqların sayı 25 min olub. Onların 30-35 faizi məhz erkən nikahın payına düşür. Bu isə təhsildən yayınma hallarına gətirib çıxardır. Təəssüf ki, rəqəmlər vəziyyətin ürək açan olmadığını göstərir. Halbuki, qanunvericilikdə, cinayət məcəlləsində konkret olaraq buna görə ciddi məsuliyyət, cəza nəzərdə tutulsa da, hələ indiyə qədər bu həyata keçirilməyib. Bu valideynlər ilk növbədə vətəndaşın konstitusion hüququnu pozurlar. Belə ki, Konstitusiyanın 42-ci maddəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Onlar qızlarının bu hüququnu əlindən alırlar. 

İnzibati xətalar, cinayət məcəlləsində, valideynlərin valideynlik hüququndan məhrum edilməsi, hətta azadlıqdan məhrum edilməsi nəzərdə tutulsa da, aidiyyəti qurumlar bu məsələdə susurlar”.

Könül Oruc
Arzu Məmmədli

Xəbər xətti