Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq mümkündür, lakin irəliləyiş kifayət qədər sürətli deyil.
Ucnoqta.az-ın ABŞ bürosu xəbər verir ki, bunu BMT-nin Baş katibinin müavini Amina Məhəmməd 2026-cı il üzrə Dayanıqlı İnkişaf Məqsədləri (SDG) Hesabatının təqdimatında bildirib. BMT rəsmisi qeyd edib ki, bu sahədə son on ildə qlobal səviyyədə mühüm irəliləyişlər əldə olunsa da, münaqişələr, iqlim dəyişikliyi, maliyyə çatışmazlığı və artan borc yükü 2030-cu il hədəflərinə çatmağı təhlükə altına salır.
Onun sözlərinə görə, Dayanıqlı İnkişaf Məqsədləri siyasi iradə, davamlı investisiyalar və beynəlxalq əməkdaşlıq olan ölkələrdə real nəticələr verir. Hesabatda qeyd olunur ki, qlobal işsizlik səviyyəsi 2025-ci ildə 4,9 faizə enərək rekord aşağı həddə çatıb, son on ildə təxminən bir milyard insan təhlükəsiz içməli suya çıxış əldə edib, dünya əhalisinin 90 faizindən çoxu elektrik enerjisi ilə təmin olunub və internetdən istifadə edənlərin sayı əhəmiyyətli dərəcədə artıb.
Bununla yanaşı, BMT rəsmisi vurğulayıb ki, əldə olunan nəticələr bütün ölkələr və əhali qrupları arasında bərabər paylanmayıb. Hazırda Dayanıqlı İnkişaf Məqsədlərinin yalnız 36 faizi plan üzrə icra olunur. Dünyada hər beş gəncdən biri nə təhsil alır, nə də layiqli iş imkanına malikdir. Təxminən 273 milyon uşaq məktəbdən kənarda qalır, hər üç qadından biri isə həyatında ən azı bir dəfə zorakılığa məruz qalır.
Amina Məhəmməd bildirib ki, Yaxın Şərqdə davam edən münaqişələr, xüsusilə Qəzzadakı vəziyyət, qlobal iqtisadiyyata mənfi təsir göstərərək enerji, gübrə və ərzaq bazarlarında qiymət artımına səbəb olub. O qeyd edib ki, hərbi xərclərin 2,9 trilyon dollara çatdığı bir dövrdə inkişaf yardımları kəskin şəkildə azalıb və Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsi üçün illik 4 trilyon dollarlıq boşluq qalmaqdadır.
Baş katibin müavini beynəlxalq maliyyə sistemində islahatların aparılmasının vacibliyini vurğulayaraq inkişaf etməkdə olan ölkələr üçün daha əlverişli maliyyə imkanlarının yaradılmasına, borc yükünün azaldılmasına və texnologiyalara bərabər çıxışın təmin edilməsinə çağırıb.
Mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Amina Məhəmməd BMT-nin növbəti Baş katibi vəzifəsinə namizəd olmadığını da açıqlayıb. O bildirib ki, hazırkı vəzifəsini başa çatdırmağa fokuslanıb və gələcəkdə bu posta Latın Amerikası və Karib hövzəsindən qadın namizədin irəli sürülməsini dəstəkləyir.
BMT rəsmisi çıxışının sonunda vurğulayıb ki, Dayanıqlı İnkişaf Məqsədləri hələ də əlçatandır. Bunun üçün isə növbəti dörd ildə siyasi iradənin gücləndirilməsi, beynəlxalq həmrəyliyin artırılması və inkişafın maliyyələşdirilməsinə daha çox vəsait ayrılması zəruridir.
Vüsalə Abbasova