Bu gündən etibarən Azərbaycanda qadınların yaşa görə əmək pensiyasına çıxma yaşı 65-ə çatdırılıb.
Ucnoqta.az xəbər verir ki, beləliklə, qadınların pensiya yaşı kişilər üçün müəyyən edilmiş yaş həddi ilə eyniləşdirilib.
Bu dəyişiklik "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə uyğun olaraq həyata keçirilib. Qanuna əsasən, kişilər üçün pensiya yaşı 2017-ci il iyulun 1-dən 2021-ci il iyulun 1-dək, qadınlar üçün isə 2017-ci il iyulun 1-dən 2026-cı il iyulun 1-dək hər il 6 ay artırılaraq mərhələli şəkildə 65 yaşa çatdırılıb.
Mövcud qanunvericiliyə əsasən, pensiya yaşına çatan şəxsin fərdi hesabında toplanmış pensiya kapitalı minimum əmək pensiyasını təmin etməyə kifayət etdikdə, sığorta stajından asılı olmayaraq ona yaşa görə əmək pensiyası təyin edilir. Pensiya kapitalı bunun üçün yetərli olmadıqda isə şəxsin ən azı 25 il sığorta stajına malik olması tələb olunur. Bu tələb 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslərə şamil edilmir.
Qeyd edək ki, qadınların pensiya yaşı sonuncu dəfə 2025-ci il iyulun 1-də 64 yaş 6 aya yüksəldilmişdi. Həmin yaş həddi 30 iyun 2026-cı ilədək qüvvədə olub. 1 iyul 2026-cı ildən isə qadınlar üçün də pensiya yaşı 65 olaraq müəyyənləşdirilib.