ABŞ administrasiyası hökumətin hazırkı qismən bağlanması səbəbindən Demokratik Partiyanın seçici bazası çoxluq təşkil edən ştatlar üçün ayrılan 26 milyard dollar vəsaiti dondurub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Maliyyələşdirmə məhdudiyyətləri Nyu Yorkdakı nəqliyyat layihələrinə (18 milyard dollar), həmçinin Kaliforniya və İllinoys da daxil olmaqla 16 ştatda yaşıl enerji proqramlarına təsir edib.
ABŞ federal hökuməti maliyyə çatışmazlığı səbəbindən oktyabrın 1-də gecə yarısı qismən fəaliyyətini dayandırıb.
Bu, ona görə baş verib ki, ABŞ Konqresindəki hakim Respublikaçılar və müxalif Demokratik partiyaların nümayəndələri səhiyyə də daxil olmaqla bir sıra xərc maddələri ilə bağlı razılığa gələ bilmirlər və bir-birini bağlanmanı təhrik etməkdə və siyasi məqsədlər üçün uzatmaqda ittiham edirlər.
ABŞ qanunlarına görə, federal hökumətin maliyyələşdirməsinin dayandırılması halında milli təhlükəsizlik və xarici siyasət fəaliyyətlərinə cavabdeh olan departamentlər və agentliklər öz fəaliyyətini davam etdirməlidir. Oxşar tələblər fəaliyyəti “həyat və əmlakın qorunmasına” yönəlmiş dövlət işçilərinə də şamil edilir.