ABŞ 17 şəxs və 21 şirkətə qarşı sanksiya tətbiq edib

23:44 - 1 Oktyabr 2025 - DÜNYA

ABŞ İran Müdafiə Nazirliyinə həssas texnologiyaların tədarükü ilə məşğul olduğu iddia edilən 17 şəxs və 21 şirkətə qarşı sanksiya tətbiq edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Bildirilir ki, sanksiya siyahılarına daxil edilən şəxslər və şirkətlər İran Müdafiə Nazirliyi üçün “həssas məhsul və texnologiyaların əldə edilməsinə şərait yaradıb”, həmçinin Tehranın raket və hərbi aviasiya istehsalı səylərinə kömək ediblər.

Konkret olaraq, sanksiyaya məruz qalan şəxslərin “mütərəqqi zenit-raket komplekslərinin istehsalı üçün texnologiyanın tədarükü, habelə ABŞ istehsalı olan helikopterin qanunsuz alınması” ilə məşğul olduqları iddia edilir.

Öz növbəsində, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin bəyanatına istinad edən ABŞ dövlət katibi Marko Rubio əlavə edib ki, Dövlət Departamenti İslam Respublikası Müdafiə Nazirliyinin tədqiqat və innovasiya mərkəzi ilə əlaqəli daha beş fiziki şəxs və bir quruma qarşı sanksiyalar tətbiq edir.
Dövlət Departamentinin məlumatına görə, bu şəxslər nüvə silahının hazırlanması üçün tətbiq olunan ikili istifadə texnologiyaları və texniki təcrübə əldə etməyə cəhd ediblər.

Xəbər xətti