Sahibkarlar Ağdam Sənaye Parkına böyük maraq göstərir

15:30 - 15 Fevral 2022 - ÖLKƏ İÇİ

Sənaye Parkında artıq 5 sahibkarlıq subyekti rezident statusu alıb, sahibkarlar tərəfindən təqdim edilən 10-dan çox layihəyə isə baxılır

Azərbaycanın iqtisadi inkişafında sənaye, xüsusilə, qeyri-neft sənayesi önəmli yer tutur. Ucnoqta.az xəbər verir ki, bu sahədə yeni prioritet istehsal istiqamətlərinin, sənaye zonalarının yaradılması (sənaye parkları və məhəlllələri) artıq intensiv hal alıb. İşğaldan azad edilmiş ərazilərimizin bərpasında və reinteqrasiyasında da  sənayeləşmə vacib faktor kimi xüsusi qeyd edilməlidir. Azad edilmiş ərazilərimizdə sənaye parklarının yaradılması və parklara investisiya cəlb olunması, həmçinin regionun resurslarından və iqtisadi imkanlardan yararlanmaqla istehsalın təşkili Qarabağın ölkə iqtisadiyyatına səmərəli reinteqrasiyasına əlavə stimul yaradacaq.

Sənaye Parkında işlər intensiv şəkildə davam etdirilir

Qeyd edək ki, azad edilmiş ərazilərimizdə sənaye parklarından biri də dövlət başçısının 28 may 2021-ci il tarixli Fərmanı ilə yaradılmış Ağdam Sənaye Parkıdır.
Hazırda Sənaye Parkının təşkili işləri mərhələli şəkildə davam etdirilir. İlk olaraq ərazinin minalardan və hərbi sursatlardan təmizlənməsinə başlanılıb və 190 hektar ərazinin 74 hektardan çoxu artıq minalardan və hərbi sursatlardan təmizlənib, yerdə qalan ərazilərdə isə hazırda təmizlənmə işləri aparılır. Sənaye Parkında fəaliyyət göstərəcək rezidentlər üçün hər cür lazımi şərait yaradılacaq. İşçilərin rahatlığının təmin edilməsi məqsədilə artıq Sənaye Parkında mobil tipli şəhərcik salınıb. Burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılıb, abadlıq işləri görülüb. Parkın ərazisində bankomatlar quraşdırılıb.

Sənaye Parkının ərazisində tikinti aparılacaq sahənin su ilə təmin edilməsi məqsədilə 350 metr dərinliyində subartezian quyusu qazılıb. Əraziyə 10 kilovoltluq elektrik xətti çəkilib və 630 kilovoltluq transformator məntəqəsi quraşdırılıb. Belə ki, işğaldan azad olunduqdan sonra Ağdam şəhərində ilk elektrik enerjisi və su təchizatı sistemi Ağdam Sənaye Parkının ərazisində quraşdırılıb. Sənaye Parkının işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir.

Ağdam Sənaye Parkının 74 hektar ərazisində topoqrafik planlama və mühəndis-geoloji tədqiqat işləri yekunlaşdırılıb. Topoqrafik planlama zamanı Parkın ərazisində dağılmış tikililərin geometrik ölçüləri müəyyən edilib və ərazidən daşınması nəzərdə tutulan tullantıların həcmi dəqiqləşdirilib. Geoloji-tədqiqat işləri zamanı isə Parkın ərazisində süxurların tərkibi və litoloji təsviri, fiziki və mexaniki xüsusiyyətləri müəyyənləşdirilib.

Parkda müxtəlif məhsullar istehsal ediləcək, xidmət sahələri fəaliyyət göstərəcək

Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5 sahibkarlıq subyekti bu Parkın rezidenti kimi qeydiyyata alınıb. Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində sahibkarlar tərəfindən təqdim edilən daha 10-dan çox layihəyə baxılır. Havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı, beton istehsalı, ağır texnikaya texniki xidmətin göstərilməsi və bununla əlaqədar olaraq bəzi metal ehtiyat hissələrinin bərpası və istehsalı, ortopedik matras və yumşaq mebellərin (divan və kresloların), kanalizasiya və içməli su borularının istehsalı və s. təqdim olunan layihələr üzrə əsas fəaliyyət istiqamətləridir.

Məlumat verildiyi kimi, Prezident İlham Əliyevin azad edilmiş ərazilərə son səfəri çərçivəsində Ağdam Sənaye Parkında iki müəssisənin təməli qoyulub.
Bu müəssisələrdən biri Ağdam Sənaye Parkının rezidenti “Smartpoint” MMC-yə məxsusdur. Layihə çərçivəsində alternativ və bərpaolunan enerji mənbələri ilə (əsasən günəş enerjisi) qidalanan işıq dirəklərinin və digər qurğuların istehsalı təşkil ediləcək. Layihənin investisiya dəyəri 9,1 milyon manatdır. Layihə çərçivəsində yaradılacaq müəssisədə Türkiyə və İtaliya texnologiyalarından istifadə ediləcək. Müəssisədə ildə 21 min işıq dirəyi və 40 meqavat gücündə digər qurğuların istehsal olunması nəzərdə tutulur. “Smartpoint” MMC Sənaye Parkının rezidentləri üçün nəzərdə tutulan bütün güzəştlərdən (tam infrastruktur təminatı və vergi azadolmaları) faydalanacaq. Sənaye Parkının 1,3 hektar ərazisində inşa ediləcək müəssisədə 80 daimi iş yeri yaradılacaq. Yaxın vaxtlarda müəssisənin layihələndirmə işlərinə başlanacaq. Müəssisənin tikintisinə başlandıqdan sonrakı 6 ay müddətində istismara verilməsi nəzərdə tutulur. İstehsal edilən məhsulların daxili bazarda satılması ilə yanaşı, Gürcüstan, Qazaxıstan və Özbəkistana da ixracı planlaşdırılır.

Digər rezident olan “Dadaş-N” MMC Sənaye Parkında müxtəlif çeşidli sintetik xalçalar istehsal edəcək. İnvestisiya dəyəri 9,5 milyon manat olan layihə çərçivəsində yaradılacaq müəssisədə il ərzində 700 min kvadratmetr xalça istehsal ediləcək. Məhsul istehsalında polipropilen, polietilen və poliakril kimi yerli xammaldan istifadə olunacaq. İstehsal prosesində Belçika və Çin texnologiyaları tətbiq ediləcək. “Dadaş-N” MMC də Sənaye Parkının rezidentləri üçün nəzərdə tutulan bütün güzəştlərdən yararlanacaq. Sənaye Parkının 2 hektar ərazisində inşa ediləcək müəssisədə 60 daimi iş yeri yaradılacaq. Müəssisənin tikintisinə başlandıqdan 24 ay müddətinə istismara verilməsi nəzərdə tutulur. İstehsal edilən məhsulların daxili bazarda satılmaqla yanaşı, MDB ölkələrinə ixrac olunması planlaşdırılır.

Beləliklə, Ağdam Sənaye Parkı Ağdam rayonunun Qarabağın sənaye mərkəzinə çevrilməsinin əsas özülü rolunda çıxış etməkdədir. Ağdam Sənaye Parkında fəaliyyətə başlayacaq müəssisələr azad edilmiş ərazilərimizin bərpasında və iqtisadi reinteqrasiyasında, bölgənin resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsilə ölkədə qeyri-neft sənayesinin inkişafında, əhalinin yeni iş yerləri ilə təmin olunmasında, məşğulluq səviyyəsinin yüksəldilməsində önəmli yer tutacaqdır.

Xəbər xətti