Deputat keçmiş məcburi köçkünlərə öz evlərini icra orqanının təklif etdiyi layihə və qanun çərçivəsində tikməyə icazə verilməsi istəyir.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Razi Nurullayev bildirib ki, işğaldan azad olunan ərazilər yenidən qurulur və keçmiş məcburi köçkünlər dədə-baba yurdlarına qaytarılır: “Bərpa olunası evlərin sayı çoxdur və mənə belə gəlir ki, dövlət və hökumət öz üzərinə böyük məsuliyyət və öhdəlik götürür. Bu qədər yükü çəkmək çox ağırdır və gərək vətəndaşlar da bu proseslərdə əsas iştirakçıya çevrilsinlər.
Təklif edirəm ki, minalardan təmizlənmiş ərazilərdə sürətli şəkildə layihələndirmə işləri aparılsın və vətəndaşlara öz evlərini icra orqanının təklif etdiyi layihə və qanun çərçivəsində tikməyə icazə verilsin. İnanıram ki, keçmiş məcburi köçkünlərin xeyli hissəsinin öz evini tikmək imkanı var. Hətta təklif edirəm ki, dövlət infrastrukturu yaratsın, ev tikintisinin isə qanuni çərçivədə vətəndaşların özləri tərəfindən aparılmasına icazə versin.
Bu dövlətə daha ucuz başa gələr. Şirkətlər tərəfindən tikilən ev qiymətlərinin yarısının qiymətinə vətəndaş özü tikə bilər. Dövlət onlara tikinti mərhələləri üzrə pul ayırsın. Biz bu üsulla, inanıram ki, 50 faiz dövlət vəsaitinə qənaət etmiş olarıq”.