Boliviyanın keçmiş prezidenti Evo Moralesin azı 26 tərəfdarı iğtişaşlarda iştirak etdikləri üçün La Pazda Ali Seçki Məhkəməsinin binası yaxınlığında saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Roberto Rios məlumat verib.
Nazir bildirib ki, hadisədə iştirak edən 26-ya yaxın kişi və qadın həbs edilib. Onlar müvafiq araşdırma aparan Baş Prokurorluğa təhvil veriləcək.
Riosun məlumatına görə, saxlanılanlardan fişənglər və dinamit çubuqları müsadirə edilib. Moralesin seçkilərdə iştirakına icazə verilməsi tələbi ilə seçki komissiyasının binasına gələn tərəfdarlarının hərəkətləri nəticəsində 4 polis əməkdaşı yaralanıb.
Qurumun məlumatına görə, saxlanılan şəxslər partlayıcı maddələrin qanunsuz dövriyyəsi, sağlamlığa yüngül və ağır zərər vurma, hüquq-mühafizə orqanlarının əməkdaşlarına sui-qəsd cəhdi, dövlət əmlakına ziyan vurma maddələri ilə ittiham olunacaqlar.