“Şirvan Gənclər Evi” 20 min manat CƏRİMƏLƏNDİ

11:07 - 15 May 2025 - Xəbər

“Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsi tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin təlimçi-tibb bacısı işlərinin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda “Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə şəhər məhkəməsinə göndərilib, məhkəmənin qərarı ilə sosial xidmət müəssisəsi 20 min manat məbləğində inzibati cərimə edilib.

Eyni zamanda sosial xidmət müəssisəsinin direktoru Həsənov Əfqan Abbas oğlu barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şirvan-Salyan Regional şöbəsinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3 min manat məbləğində inzibati cərimə edilib.

Xəbər xətti