Gürcüstan parlamenti ABŞ Nümayəndələr Palatasının dəstəklədiyi və digər məsələlərlə yanaşı, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının liderlərinə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi olan Meqobari Aktını pisləyən bəyanat qəbul edib.
Ucnoqta.az xəbər verir ki, iclas qanunverici orqanın internet saytında yayımlanıb.
“2025-ci il mayın 5-də ABŞ Konqresinin Nümayəndələr Palatası “Meqobari Aktı” adlanan qanunu qəbul edib ki, bu da öz mahiyyətinə görə Gürcüstan dövlətinə, gürcü xalqına və onların seçdiyi hökumətə, o cümlədən Gürcüstan parlamentinə qarşı son dərəcə düşmənçilik aktıdır”, - deyə məlumatda bildirilir.
Sənədin müəllifləri hesab edirlər ki, Meqobari Aktı Gürcüstan hakimiyyətinə qarşı üç saxta ittihama əsaslanır: Gürcüstanda demokratiyanın əhəmiyyətli dərəcədə geriləməsi, Avro-Atlantik inteqrasiyanın qarşısının alınması və Tbilisinin Moskva, Pekin və digər “avtoritar rejimlərlə” əlaqələr qurması.
Bəyanatda bildirilir ki, hakim partiya hakimiyyətə gəldikdən sonra ölkə demokratiya yolunda ciddi irəliləyişlər əldə edib, xüsusən, “Gürcüstanda ədalətli və dürüst seçkilər keçirilir”. Rusiya ilə münasibətlərə gəlincə, gürcü deputatlar qeyd ediblər ki, 2008-ci il müharibəsindən sonra Gürcüstanın Rusiya Federasiyası ilə diplomatik əlaqələri yoxdur və 2012-ci ildən sonra bir dənə də olsun gürcü siyasətçi Moskvaya səfər etməyib. Eyni zamanda, Gürcüstanın qonşuları Moskva ilə Tiflisdən daha sıx əlaqələrə malikdir.