Yaxasına “Georgi lenti” taxılan yeni sədr ittihamlara CAVAB VERDİ: "2 metrə yaxın boyu olan..."

16:12 - 15 May 2025 - ÖLKƏ İÇİ

İmişlidə 9 May günü keçirilən tədbirdə sovet bayrağı və "Georgi lenti" ilə bağlı qalmaqal səngimək bilmir. Rayon Ağsaqqallar Şurasına yeni sədr təyin olunan Vahid Tağıyevin də sinəsində məlum lentin taxılması müzakirələrin daha da böyüməsinə səbəb olub.

Ucnoqta.az xəbər verir ki, yeni sədr sosial şəbəkə hesabında ittihamlara cavab verib: 

“Nifrət doğuracaq lentin yaxamda görüntüsü barədə sosialda gedən foto və yazılarla əlaqədar məsələyə aydınlıq gətirmək üçün hadisəni olduğu kimi aşağıda qeyd edirəm. Qeydlərimi daha çox şəxsən tanıyan insananlara mənəvi hesabat kimi yazmağı özümə borc bildim. Yəqin ki, onları da bu nə məsələdir deyə düşündürən bir sual var. Bu, ani baş vermiş bir anlaşılmazlıq nəticəsində olub”. 

Vahid Tağıyev yaxasına taxılan “Georgi lenti”nin hansı məna daşıdığını sonradan bildiyini qeyd edib:

“Əvvəla deyim ki, məni yaxından tanıyan kifayət qədər insanlar var, əqidəmə də yaxşı bələddirlər. Məncə, insanın ən vacib iki dəyəri var. Biri vətənpərvərliyi, vətən sevgisi, digəri isə əxlaqıdır. Bu iki keyfiyyət olmayan insan mənə görə ləyaqətsiz, dəyərsizdir. Həyatım boyu bu mövqeyimə sədaqətli olmuşam. Vətən sevgisi, ümumi mənafe naminə fəaliyyət tükənməyən enerji, əzmkarlıq mənbəyidir".

Onun sözlərinə görə, mayın 10-da AŞ bir gün ərzində sıx qrafiklə üç tədbir keçirib: "Rayon ərazisində Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsi üçün qoyulmuş abidənin təmirdən sonra açılışına Bakıdan Rus İcmasının nümayəndələrinin də gəlməsi gözlənilirdi. Bakıdan gözlənilən gecikmiş heyət gəlib çatdı, onlarla abidənin önünə əklil qoymaq ərəfəsində qarşılaşdıq.

Təxminən 2 metrə yaxın boyu olan biri (sonra öyrəndim ki, bu şəxs Rus İcmanın sədr müavini imiş) bizə çatıb salam verən kimi tələsik lent paylamağa başladı, şəxsən mənim yaxama həmin lenti özü asdı. Mən o anda bunun nə lenti olduğunu ayırd edə bilmədim. Ancaq mənə tanış olmayan bu lent intuisiya ilə məni narahat edirdi. Əlbəttə, həmin an bilsəm ki, bu nəyin rəmzidir, heç bir halda yaxın buraxmazdım və bu hərəkətə etiraz edərdim. 

Həmin gün silsilə tədbirlər 5, 6 saat davam etmişdir. Mən tədbirin əvvəlindən az vaxt keçəndən sonra lenti yaxamdan çıxardım. Hətta, həmin vaxt da mənasını belə bilməsəm də məndə nifrət doğururdu. Bir daha səmimi etiraf edirəm ki, o zaman onun nəyin rəmzi olduğunu bilmirdim. (yəqin ki, oxucuların böyük əksəriyyəti də bunu bilməyə bilərdi). Bu müddətdə artıq Böyük Vətən Müharibəsi iştirakçılarının abidəsi önündə fotolarımız çəkilmşdir. Mən lenti çıxarandan sonra ən azı 5 saat davam edən tədbir ərzində nə qədər fotolarım, video çəkilişlər var, onların hamsında artıq lentsiz görüntülərdir.

Əlavə olaraq bildirim ki, qonaq hesab etdiyimiz həmin şəxsin hərəkətlərinə ilk anda Bakıdan gəldiyinə görə hörmət əlaməti olaraq, həm də məsələnin mahiyyətin bilmədiyimə görə etiraz etmədim. Lenti özüm açanda isə artıq dediyim kimi gecikmişdim, foto da çəkilmişdir. Tədbirdən sonra bəzi iştirakçılarla söhbətimdən məlum oldu ki, onlar da bu lentin nə məna kəsb etdiyini bilməyib ciddi peşimançılıq hissi keçirirlər".

Xəbər xətti