Ermənistan 5 aya yaxındır ki, Xankəndidə ölmüş erməni əsilli qadının meyitinin təhvil alınmasına münasibət bildirmir.
Ucnoqta.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) "Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı"nın təqdimatında deyib.
"1954-cü il təvəllüdlü, erməniəsilli Ağasyan Vera Varaşakovnanın 20.10.2024-cü ildə, Xankəndi şəhərində yaşadığı ünvanda xəstəlikdən vəfat etməsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinin və onun övladlarının məlumatlandırılmasına, meyitinin təhvil verilməsi üçün bütün zəruri sənədləşmə işlərinin aparılmasına, hətta cari ilin fevral ayında vasitəçilərin iştirakı olmadan sərhəddə keçirilmiş görüş zamanı məsələ Ermənistanın nümayəndə heyətinin birbaşa diqqətinə çatdırılmasına baxmayaraq, qarşı tərəf 5 aya yaxındır ki, meyitin təhvil alınmasına heç bir münasibət bildirmir", - deyə Şərafət Həsənov qeyd edib.