Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Qeyri-Hökumət Təşkilatları üçün Mədəni və Yaradıcı Sənayelərin Təşviqi üzrə 2024-cü qrant müsabiqəsi çərçivəsində "Hüqüqi Tədqiqatlar Mərkəzi” İB-nin həyata keçirdiyi "Əqli mülkiyyət sahiblərinin potensialının gücləndirilməsi" layihəsinin əsas məqsədi yaradıcı şəxslərin əqli mülkiyyət hüquqlarının qorunmasına, stimullaşdırılmasına, yaradıcılıq imkanlarının artırılmasına kömək etməkdir.
Bu məqsədlə 4 regionda görüşlər, təlimlər keçirilir, dövlətin yaradıcı şəxslərə qayğısı, mövcud qanunvericilik, Əqli Mülkiyyət Agentliyinin işi, müəlliflərin hüquqları və onların qorunması mexanizmi haqda məlimat verilir, praktiki bacarıqlar öyrədilir.
“Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nin və Əqli Mülkiyyət Agentliyinin birgə təşkil etdiyi növbəti tədbir Lənkəran şəhərində keçirilmişdir. Azərbaycan Yazıçılar Birliyinin, Rəssamlar İttifaqının, Bəstəkarlar İttifaqının, Lənkəran bölgəsində fəaliyyət göstərən üzvlərinin, Milli Elmlər Akademiyasının əməkdaşlarının və Lənkəran Dövlət Universitetinin alimlərinin iştirak etdiyi tədbiri açan LDU rektoru professor Natiq İbrahimov əqli mülkiyyət sahiblərinə, yaradıcı ziyalılara, elm adamlarına dövlətimizin göstərdiyi qayğıdan, Əqli Mülkiyyət Agentliyinin fəaliyyətindən və mövcud vəziyyətdən danışdı. Belə tədbirlərin elmimizin və mədəniyyətimizin inkişafına kömək etdiyini, eyni zamanda, əqli mülkiyyət hüququ subyektlərinin potensialının artırılmasına, onların maddi vəziyyətinin yaxşılaşmasına kömək etdiyini bildirdi. Bu cür maarifləndirmə işinin genişləndirilməsinin zəruriliyini qeyd etdi.
“Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nin sədri BDU-nun dosenti, hüquq üzrə fəlsəfə doktoru Bəxşeyiş Əsgərov rəhbərlik etdiyi təşkilat haqqında məlumat verdi, bu layihənin icrası ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Əqli Mülkiyyət Agentliyinin, yaradıcılıq təşkilatlarının dəstəyini qeyd etdi.
Tədbirin regionlarda keçirilməsini xüsusi əhəmiyyət daşıdığını bildirdi. Tədbirin təşkilində hər cür dəstək verdiyinə görə Əqli Mülkiyyət Agentliyinin və Lənkəran Dövlət Universitetinin rəhbərliyinə təşəkkürünü bildirdi.
Sonra əqli mülkiyyət hüququ üzrə peşəkar təlimçilər, hüquqşünas Aydın Kərimov və Əqli Mülkiyyət Agentliyinin eksperti Natiq İsayev interaktiv qaydada iştirakçılar üçün təlim keçdilər.Təlim zamanı iştirakçılara əqli mülkiyyət hüququnun tarixi, mədəniyyətin inkişafında yeri, beynəlxalq əqli mülkiyyət təşkilatının fəaliyyəti, konstitusion hüquq olan əqli mülkiyyət hüququ ilə bağlı ölkəmizdə qəbul olunan normativ hüququ aktlar, Əqli Mülkiyyət Agentliyinin fəaliyyəti, müəllif hüquqları, hüquqların müdafiə mexanizmi, ayrı-ayrı sahələr üzrə ətraflı məlumat verdilər.
Yaradıcılıq təşkilatlarının üzvləri-rəssamlar, yazıçılar, musiqiçilər, elm adamları və ziyalıların iştirak etdiyi tədbirdə iştirakçıların çox saylı sualları cavablandırıldı, iştirakçılara əqli mülkiyyət ilə bağlı hüquqi normativ aktlar və Agentliyin çap etdiyi kitablar paylandı. İştirakçıların fərdi və sahəvi problemlərinin həllinə kömək edildi, məsləhətlər verildi, praktik kömək göstərildi.
Lənkəranda yaradıcı ziyalılar belə tədbirlərin regionlarda tez-tez təşkil edilməsini, eləcə də, respublikada əqli mülkiyyət sahiblərinə hüquqi və texniki kömək göstərən mərkəzin yaradılmasını təklif etdilər.