Qax rayonunun İlisu kəndində yerləşən Ramramay şəlaləsində ecazkar mənzərə yaranıb.
"Report"un məlumatına görə, ərazidə temperaturun -15 dərəcəyə qədər aşağı düşməsi hündürlüyü 75 metr olan şəlalənin təmamilə donmasına səbəb olub. Böyük bir buz kütləsinə çevrilən şəlalə ətrafda gözəl bir görüntü yaradıb.
Ramramay şəlaləsinə qədər olan məsafə İlisu kəndinin yuxarı baş hissəsindən 2 kilometrdir. Kənd sakinləri "Report"un yerli bürosuna bildiriblər ki, şəlaləyə "Uaz" və "Niva"markalı avtomobillərlə getmək mümkündür.
Qeyd edək ki, Ramramay şəlaləsi ildə 2 ay, əsasən yanvar və fevral aylarında, donaraq buz kütləsinə çevrilir. Şəlalə dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, Böyük Qafqaz Sıra Dağlarının cənub ətəyində yerləşir.