UEFA "Real"ın futbolçusunu meydandan qovmuş hakimi cəzalandırdı

08:30 - 19 Fevral 2025 - Xəbər

 İspaniya Kral Futbol Federasiyası (RFEF) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) İspaniya çempionatında "Osasuna" ilə matçda "Real Madrid"in ingilis yarımmüdafiəçisi Jude Bellinqhemi qırmızı vərəqə ilə cəzalandıran hakim Luis Monteronu müvəqqəti olaraq cəzalandırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İspaniyanın "Marca" qəzeti UEFA və RFEF-in mətbuat xidmətinə istinadən məlumat yayıb.

Fevralın 15-də İspaniya çempionatının 24-cü turu çərçivəsində "Real Madrid" - "Osasuna" oyunu (1:1) baş tutub. Bellinqhem 39-cu dəqiqədə hakimi təhqir etdiyi üçün meydandan qovulub.
Matçdan sonra Bellinqhem danışıqda kobud sözlər işlətdiyini, lakin bunun hakimə yönəlmədiyini deyib.

RFEF-in araşdırması çərçivəsində müəyyən edilib ki, Montero konsaltinq şirkəti olan Talentus Sport-da paya malikdir.
Şirkətin müştəriləri arasında İspaniya çempionatı, UEFA, həmçinin bəzi klublar, o cümlədən Realın bu mövsüm çempionluq uğrunda rəqiblərindən biri olan Atletiko, İngiltərənin Mançester Siti və Aston Villa və Fransanın PSJ klubları olduğu güman edilir.
İnsidentdən sonra "Atletiko" şirkəti ilə hər hansı mümkün əlaqəni inkar edən bəyanat yayıb.

Hakim istintaqa qədər işdən uzaqlaşdırılıb. Araşdırma başlayandan sonra Montero sözügedən şirkətlə bağlı bütün yazıları silib.
Arbitr daha sonra şirkətin heç vaxt hesab-faktura vermədiyini və ya klublar və ya idman təşkilatları ilə hər hansı işgüzar əlaqələri olmadığını vurğulayan bir bəyanat verdi.

Xəbər xətti