“Azərbaycan məktəbi”nin sabiq baş redaktoru azadlığa buraxıldı

18:28 - 18 Fevral 2025 - HADİSƏ

Mənimsəmə, dələduzluq və rüşvət almaqda ittiham olunan Elm və Təhsil Nazirliyinin mətbu orqanı “Azərbaycan məktəbi” jurnalının sabiq baş redaktoru Rahil Nəcəfov, Gözəl Mustafayeva və Amal Həsənlinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Zərərçəkmiş şəxsin nümayəndəsi onlara dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərdən tələb və şikayətlərinin olmadığını bildirib.

Daha sonra dövlət ittihamçısı çıxış edib.

Prokuror Rahil Nəcəfovun 11 il, Gözəl Mustafayevanın 2 il 6 ay, Amal Həsənlinin 10 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmələrini, Amal Həsənli və Gözəl Mustafayeva barəsində olan tədbirin həbs-qətimkan tədbiri ilə əvəz edilməsini təklif edib.

Təqsirləndirilən şəxslər və vəkilləri məhkəmədən ədalətli qərar çıxarmaqlarını xahiş edib.

Məhkəmə müşavirə edib. Müşavirədən sonra hökm elan olunub.

Hökmə əsasən, Rahil Nəcəfova 3 il sınaq müddəti olmaqla 9 il şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.
Təqsirləndirilən Amal Həsənliyə 3 il sınaq müddəti olmaqla 8 il 6 ay, Gözəl Mustafayeva 1 il sınaq müddəti olmaqla 2 il müddətində şərti cəza verilib.

Təqsirləndirilən Amal Həsənli və Gözəl Mustafayeva barəsində istintaq dövründə seçilən qətimkan tədbiri dəyişdirilməyib.

Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının sabiq baş redaktoru Rahil Nəcəfov Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarının pulunu mənimsəməkdə ittiham olunur.

Rahil Nəcəfov və onunla birlikdə mühakimə olunan şəxslərin istintaqı Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.

Onların barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 179-cu (mənimsəmə və ya israf etmə) və 311.3.3-cü (külli midqrda rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə xeyli şəxs zərərçəkmiş qismində tanınıblar.

Rahil Nəcəfov 2016-2017-ci illər AMEA-nın Qafqazşünaslıq İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. 2018-2020-ci illərdə Təhsil Nazirliyinin əsas mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının baş redaktoru olub.

Xəbər xətti