Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) vətəndaşlar tərəfindən bağlamaların ünvana çatdırılması ilə bağlı daxil olan şikayətlərin artması səbəbindən poçt rabitəsi operatorlarına xəbərdarlıq edib.
Ucnoqta.az xəbər verir ki, daxil olan vətəndaş müraciətlərində bildirilir ki, son zamanlar Türkiyə və Çindən istifadəçinin ünvanına çatdırılma həyata keçirən poçt rabitəsi operatorları daşıma şərtlərini pozaraq istifadəçilərdən poçt göndərişlərini poçt obyektindən təhvil almalarını təklif edirlər. Bu təkliflər ya SMS şəklində, ya da birbaşa zəng şəklində edilir.
Müvafiq poçt rabitəsi operatorlarının rəhbər şəxsləri İKTA-ya dəvət edilib və onlarla qeyd edilən şikayətlərlə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı mövcud qanunvericiliyin tələbləri bir daha xatırladılaraq, nöqsanların qısa zamanda aradan qaldırılması ilə bağlı xəbərdarlıq edilib. Bildirilib ki, daşıma şərtlərinə zidd SMS-lərin göndərilməsi dayandırılmalıdır. Qeyd olunub ki, müştəri onlayn alış-veriş zamanı evə çatdırılma seçərək ödəniş etdiyi halda poçt operatorunun evə çatdırılmanı müxtəlif vasitələrlə əngəlləməsi yolverilməzdir və bu, operatorun əlavə qazanc əldə etməsinə şərait yaratmaqla məsuliyyət yaradan hal hesab edilə bilər.
Görüşdə, həmçinin qeyd edilib ki, bir sıra sürətli poçt xidməti göstərən şirkətlərin əməkdaşları çatdırılma zamanı eyniləşdirmə üçün müştərinin şəxsiyyət vəsiqəsindən başqa, digər sənədlər də tələb edirlər. Poçt rabitəsi operatoru yalnız şəxsiyyət vəsiqəsinə vizual baxış keçirməklə bağlamanı təhvil alan şəxslə sifarişçinin eyni şəxs olmasını yoxlaya bilər.
İKTA bəyan edir ki, poçt rabitəsi operatorları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə əməl etməlidirlər. Eyni zamanda vətəndaşlar sürətli poçt rabitəsi xidmətlərindən istifadə etməzdən əvvəl istifadəçisi olduğu poçt rabitəsi operatorunun lisenziyasının olub-olmamasına diqqət yetirməlidirlər. Həmçinin xidmətindən narazı qaldıqları poçt rabitəsi operatorları ilə bağlı İKTA-nın “E-Şikayət” sisteminə müraciət edə bilərlər. Bunun üçün vətəndaşlar onlayn qaydada https://e-complaint.icta.az saytına daxil olmaqla, yaxud “Android” və “iOS” əməliyyat sisteminə malik cihazların istifadəçiləri müvafiq olaraq “Google play”dən və “APP store”dan “E-Şikayət”in mobil tətbiqini yükləməklə şikayətlərini ilk olaraq xidmətindən istifadə etdikləri poçt rabitəsi operatoruna və tənzimləyici quruma yönəldə bilərlər.
Qeyd edək ki, sürətli poçt xidməti üzrə lisenziyası olan poçt rabitəsi operatorlarının dinamik siyahısı İKTA-nın rəsmi saytında yerləşdirilib. Bu günə olan məlumata əsasən, 262 poçt rabitəsi operatorunun aktiv olan ümumi 934 lisenziyası (lisenziya əlavəsi) mövcuddur.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.