Mərakeş Kral Hərbi Dəniz Qüvvələrinin gəmiləri miqrasiya böhranının yaşandığı dövrdə Seuta sularında aşkarlanmalarını çətinləşdirməyə çalışıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə İspaniyanın “El País” qəzeti məlumat yayıb.
Nəşrin iddiasına görə, Mərakeş gəmiləri avtomatik identifikasiya sistemini (AIS) söndürüblər. Bu sistem gəmilərin kimlik məlumatlarını, yerləşdiyi mövqeyi, hərəkət istiqamətini və sürətini ötürür.
Qəzetin məlumatına əsasən, Mərakeş tərəfi İspaniyanın 16-cı rabitə kanalı vasitəsilə göndərdiyi dəfələrlə xəbərdarlığa da cavab verməyib. Dəniz rabitəsinin bu kanalı təhlükə siqnallarının, təcili məlumatların və təhlükəsizliklə bağlı bildirişlərin ötürülməsi üçün nəzərdə tutulub.
Nəşr qeyd edir ki, hərbi gəmilər üçün AIS sistemindən istifadə məcburi olmasa da, bu sistem xüsusilə gəmi hərəkətinin sıx olduğu ərazilərdə toqquşma riskinin azaldılması baxımından təhlükəsizlik tədbiri hesab olunur.
