ABŞ prezidenti Donald Trampın müvafiq əmri verəcəyi təqdirdə, Amerika hərbçiləri 96 saat ərzində İrana qarşı yeni və genişmiqyaslı əməliyyatlara başlaya bilərlər.
Ucnoqta.az xəbər verir ki, bu barədə CNN telekanalı iki amerikalı rəsmi şəxsə istinadən məlumat yayıb.
Məlumata görə, Yaxın Şərqdə belə hücumların həyata keçirilməsi üçün kifayət qədər hərbi qüvvə yerləşdirilib. Əməliyyatlar radarlar, raket buraxılış qurğuları və qısa müddətdə bərpa edilə bilən digər İran obyektlərinə qarşı məhdud zərbələrlə kifayətlənməyə bilər.
CNN-in məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) və Pentaqon İranın enerji infrastrukturu, hərbi və nüvə obyektlərini əhatə edən geniş hədəf siyahısı hazırlayıb.
Amerikalı rəsmilər mümkün hücumların ilin sonunadək baş verə biləcəyini, lakin bunun daha çox ABŞ-da aralıq seçkilərdən sonraya təsadüf edəcəyini ehtimal edirlər. Bununla belə, Donald Tramp hələlik yekun qərar verməyib.
ABŞ kəşfiyyatının qiymətləndirmələrinə görə, mümkün zərbələrə cavab olaraq İran və Yəməndəki “Ənsar Allah” hərəkatının husiləri regionda və onun hüdudlarından kənarda yerləşən ABŞ hərbçilərinə və obyektlərinə hücum edə bilərlər.
