“Real Madrid”in və Fransa millisinin ulduzu Kilian Mbappe Çində iki böyük brendlə reklam əməkdaşlığını itirib.
Ucnoqta.az xəbər verir ki, buna səbəb futbolçunun ölkənin keçmiş lideri Mao Tszedun haqqında zarafat etdiyi videonun sosial şəbəkələrdə yayılması olub.
Videoda Mbappe gördüyü ən gülməli memin onun üzünün “hansısa çinli diktatorun” siması ilə əvəzlənməsi olduğunu deyib.
1976-cı ildə vəfat edən Mao Tszedun Çinin qurucusu hesab olunur. Ölkədə onun haqqında zarafatlar hörmətsizlik kimi qəbul edilir və ictimai tabu sayılır.
İçki istehsalçısı “Dongpeng” bəyanatında milli hissləri təhqir edən davranışlara qəti şəkildə qarşı çıxdığını və belə hallara qarşı sıfır tolerantlıq siyasəti yürütdüyünü bildirib.
Bundan başqa, Çinin ən böyük süd məhsulları istehsalçısı “Mengniu” da Mbappe ilə müqaviləsini ləğv edib.

