ABŞ Prezidenti Donald Trampın Vaşinqtondan Texas ştatının Dallas şəhərinə uçuşu yeni prezident təyyarəsində aparılan təhlükəsizlik yoxlamasına görə gecikib.
Ucnoqta.az xəbər verir ki, Ağ Evin məlumatına görə, Tramp saat 14:01-də Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasına helikopterlə çatıb. Bundan sonra onun yeni prezident təyyarəsinə minərək Dallasa yola düşməsi planlaşdırılıb. Lakin prezident helikopteri tərk etməyib.
Jurnalistlər təyyarənin ön hissəsində fövqəladə təxliyə üçün nəzərdə tutulan şişmə trapın açıldığını müşahidə ediblər. Tramp helikopterdən yalnız 23 dəqiqə sonra enib.
ABŞ prezidenti jurnalistlərə açıqlamasında gecikmənin məhz fövqəladə trapın yoxlanılması ilə bağlı olduğunu bildirib.
“Onlar qəza trapını yoxlayırlar. Düşünürəm ki, bu, 15 dəqiqə çəkəcək”, – Tramp deyib.
O, təyyarəni dəyişmək niyyətində olmadığını və onun təhlükəsizliyinə tam əmin olduğunu vurğulayıb. Tramp daha sonra trapın artıq yığıldığını və mütəxəssislərin sistemin tam qaydasında işlədiyinə əmin olmaq istədiklərini bildirib.
Qeyd edək ki, söhbət Qətər kral ailəsinin Trampa hədiyyə etdiyi yeni Boeing 747 təyyarəsindən gedir.
