Mil-Muğan Regional Təhsil İdarəsində 2026–2027-ci tədris ili üzrə Sentyabr konfransları və panel müzakirələrin yekunlarına dair müşavirə keçirilib.
Ucnoqta.az xəbər verir ki, müşavirədə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, müdir müavini Rabil Şahbazov, idarənin struktur bölmə rəhbərləri və əməkdaşları, həmçinin Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları üzrə təhsil sektorlarının müdirləri və əməkdaşları iştirak ediblər.
Görüşdə dörd rayonda keçirilən Sentyabr konfransları və panel müzakirələr zamanı təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və digər təhsil işçiləri tərəfindən səsləndirilən fikir, təklif və təşəbbüslər ümumiləşdirilib.
Müzakirələr zamanı tədrisin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, məktəb-valideyn əməkdaşlığının gücləndirilməsi və təhsil müəssisələrində sağlam, təhlükəsiz və dəstəkləyici mühitin formalaşdırılması ilə bağlı məsələlər önə çəkilib.
Xüsusilə təlim nəticələri zəif olan şagirdlərlə işin daha sistemli və məqsədyönlü təşkil olunmasının vacibliyi vurğulanıb. Şagirdlərin fərdi ehtiyaclarının vaxtında müəyyənləşdirilməsi, onlara uyğun dəstək mexanizmlərinin tətbiqi və bu prosesə valideynlərin daha fəal cəlb olunmasının əhəmiyyəti qeyd edilib.
Panel müzakirələrdə müəllimlərin qarşılıqlı dərsdinləmələrinin təşkili, qabaqcıl təcrübələrin paylaşılması və təhsil müəssisələri arasında təcrübə mübadiləsinin genişləndirilməsi ilə bağlı təkliflər də səsləndirilib. Bildirilib ki, müəllimlər arasında əməkdaşlıq və təcrübə mübadiləsinin gücləndirilməsi tədris prosesinin təkmilləşdirilməsinə və peşəkar inkişafın dəstəklənməsinə mühüm imkanlar yaradır.
Müşavirədə bildirilib ki, Sentyabr konfransları təhsil müəssisələrində mövcud vəziyyətin qiymətləndirilməsi ilə yanaşı, təhsil işçilərinin qarşılaşdıqları məsələləri, onların təklif və təşəbbüslərini birbaşa diqqətə çatdırmaları üçün mühüm platforma olub. Panel müzakirələr zamanı səsləndirilən fikirlər növbəti tədris ili üzrə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli hesab edilib.
Sonda panel müzakirələrin nəticələri və səsləndirilən təkliflər əsasında 2026–2027-ci tədris ili üzrə prioritet istiqamətlər müəyyənləşdirilib. Təhsil müəssisələrində tədrisin keyfiyyətinin daha da yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, məktəb-valideyn əməkdaşlığının gücləndirilməsi və təhsil mühitinin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Bununla da Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrini əhatə edən 2026–2027-ci tədris ili üzrə Sentyabr konfransları başa çatıb.



