İran hüquq-mühafizə orqanları Fars körfəzində dənizə neft məhsulları axıdan quru yük gəmisini saxlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Hörmüzqan vilayətinin Limanlar və Gəmiçilik İdarəsi rəhbərinin müavini Esmail Makizadə məlumat verib.
Onun sözlərinə görə, Bəndər-Abbas limanının lövbər dayanacağı ərazisində dənizə neft məhsullarının axıdılmasını əks etdirən görüntülər yayıldıqdan və hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə ekspert və təmizləmə qrupları göndərilib. Nəticədə qaydaları pozan gəmi saxlanılıb.
Bildirilib ki, saxlanılan gəmi şəkər daşıyan quru yük gəmisidir. Mühərrik bölməsində yaranan texniki nasazlıq səbəbindən gəmidən işlənmiş yağ, sintin suları və sənaye şlamlarından ibarət qarışıq birbaşa dənizə axıdılıb.
Makizadə qeyd edib ki, çirklənmə bir neçə kiçik ləkə şəklində əraziyə yayılıb. Təmizləmə qrupları çirklənmənin qarşısını alaraq onu tamamilə aradan qaldırıblar.
