24
Çinin Pekin şəhərində beş yaşlı qız oyun zamanı təxminən 4 santimetr uzunluğunda və 50 qram ağırlığında qızıl külçəsi udub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.
Hadisədən altı saat sonra külçə təbii yolla orqanizmdən çıxmadığı üçün valideynləri uşağı xəstəxanaya aparıblar.
Həkimlər qızılın həzm sistemində ilişib qalmasının daxili orqanların zədələnməsinə və qanaxmaya səbəb ola biləcəyindən ehtiyat ediblər. Buna görə təcili endoskopik müdaxiləyə qərar verilib.
Əməliyyat zamanı həkimlər kameralı elastik boru vasitəsilə uşağın mədəsini müayinə edib və külçəni aşkar ediblər. Bir neçə dəqiqə ərzində yad cisim ehtiyatla çıxarılıb.
Qızın vəziyyətinin yaxşı olduğu və qısa müddətdə sağaldığı bildirilib.
