Sızıntının arxasında dayanan şəxs və ya şəxsləri müəyyən etmək istəyən Take-Two şirkəti Microsoft və Discord-dan geniş istifadəçi məlumatları tələb edib.
Ucnoqta.az xarici mmətbuata istinadən xəbər verir ki, New York Cənub Dairəsi üzrə Federal Məhkəməyə təqdim edilən müraciətlərdə oyun görüntülərini paylaşan hesabların kimliyi ilə bağlı məlumatlardan tutmuş OneDrive və Xbox məlumatlarına qədər geniş spektrli informasiyanın təqdim edilməsi istənilib. Take-Two bu məlumatlardan öz hüquqlarını qorumaq və sızıntının mənbəyini müəyyənləşdirmək üçün istifadə edəcəyini bildirib.
Microsoft və Discord-dan hansı məlumatlar tələb olunur?
Microsoft-dan Cyberleek təxəllüsü ilə əlaqəli qeydlərlə yanaşı, hesab məlumatları, e-poçt ünvanları, IP ünvanları, telefon və cihaz nömrələri tələb olunur. Bundan əlavə, GTA, Rockstar və ya Cyberleek ilə əlaqəli OneDrive məzmunlarının da təqdim edilməsi istənilib.
Discord-dan isə Cyberleek, CinematicRockstar, Surfer24k və Odyssey hesabları ilə əlaqə saxlayan istifadəçilərə dair məlumatların verilməsi tələb olunub. İstənilən məlumatların sentyabrın 4-dək səlahiyyətli orqanlara təqdim edilməsi gözlənilir.
GTA 6 sızıntısının arxasında kim dayanır?
Sızdırılan görüntülərdə GTA 6-nın daha əvvəl nümayiş etdirilməmiş xüsusiyyətləri və oyun mexanikaları ortaya çıxıb. Cyberleek adı ilə yayılan videoların arxasındakı şəxs və ya şəxslərin kimliyi hələlik məlum deyil.
Cyberleek oyunun diskli fiziki versiyası satışa çıxarılmayacağı təqdirdə daha çox məzmun paylaşacağını bildirib. Bununla yanaşı, sızıntıların müəyyən kriptovalyutaya maraq yaratmaq məqsədilə istifadə edildiyi də iddia olunur.
Rockstar Games isə məsələ ilə bağlı hələlik açıqlama verməyib.
