Rusiyanın bəzi KİV-lərində Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərə qarşı təhqiramiz və təhdid xarakterli materialların yayımlanması Azərbaycan Mətbuat Şurasının narazılığına səbəb olub.
Ucnoqta.az xəbər verir ki, Mətbuat Şurası bununla bağlı bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, bu cür materialların yayılması sivil jurnalistika prinsiplərinə, etik normalara və insani dəyərlərə ziddir.
Şura bildirib ki, Rusiyanın informasiya məkanında bu kimi hallara ardıcıl şəkildə rast gəlinir və bu, Azərbaycanla Rusiya arasındakı ikitərəfli münasibətlərin ruhuna, eləcə də iki ölkənin media əlaqələrinə tamamilə ziddir.
“Azərbaycan mediası həmişə qonşu ölkələr, o cümlədən Rusiya ilə bağlı məsələlərə həssas münasibətilə seçilib, peşə prinsiplərindən kənar fikir və iddialara yer verməyib”, – deyə bəyanatda vurğulanıb.
Mətbuat Şurası Rusiyanın informasiya məkanında yayılan bu cür materialların Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurduğunu bildirib.
Şura baş verənləri qətiyyətlə pisləyərək, Rusiyanın media ictimaiyyətini və bütövlükdə cəmiyyəti Azərbaycan-Rusiya media əlaqələrini və xalqlar arasında dostluq münasibətlərini pozmağa yönəlmiş hallara qarşı ciddi tədbirlər görməyə çağırıb.
Bəyanatda Azərbaycan dövlətinə, xalqına və onun görkəmli nümayəndələrinə qarşı təhqiramiz ifadələrin və təhdidlərin yolverilməz olduğu xüsusi vurğulanıb.
Mətbuat Şurası həmçinin belə ifadələrə yol verən şəxslərə hüquqi məsuliyyət daşıdıqlarını xatırladıb.
