ABŞ və daha 40 ölkə birgə bəyanatla çıxış edərək dövlətləri qitələrarası ballistik raketlərin (QBR), sualtı qayıqlardan buraxılan ballistik raketlərin (SLBR) və kosmik daşıyıcı raketlərin buraxılışı barədə əvvəlcədən xəbərdarlıq etməyə çağırıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ-ın Cenevrədəki BMT yanında daimi nümayəndəliyinin saytında dərc olunan birgə bəyanatda deyilir.
“Biz bütün ölkələri, xüsusilə də nüvə silahına malik dövlətləri QBR, SLBR və kosmik daşıyıcı raketlərin buraxılışları barədə ən azı 24 saat əvvəl məlumat verməyə çağırırıq”, – bəyanatda deyilir.
Bəyanatda qeyd olunur ki, bildirişlərə ballistik raketin və ya daşıyıcı raketin sinfi, planlaşdırılan buraxılış vaxtı, buraxılış ərazisi və nəzərdə tutulan istiqamət barədə məlumat daxil edilməlidir.
Bundan əlavə, risklərin, o cümlədən mümkün düşmə və ya enmə əraziləri ilə bağlı təhlükələrin azaldılması üçün ölkələr beynəlxalq standartlara uyğun olaraq pilotlar və dənizçilər üçün aydın xəbərdarlıqlar yayımlamalıdır.
