Hindistanın şərqindəki Jharkhand ştatının inzibati mərkəzi Rançidə dövlət qulluğuna qəbul imtahanlarında yol verilən pozuntulara qarşı keçirilən aksiyada polis etirazçılara qarşı dəyənək və su şırnaqlarından istifadə edib.
Ucnoqta.az xəbər verir ki, India Today telekanalının məlumatına görə, etirazçılar Jharkhand Dövlət Qulluğu Komissiyası (JPSC) və Jharkhand İşçi Seçim Komissiyasının (JSSC) keçirdiyi imtahanların nəticələrindən narazıdırlar.
Nümayişçilər ştat qanunverici məclisinin binasına yürüş etməyə çalışarkən bir neçə polis səddini yarıblar. Onlar JSSC imtahanının ləğv edilməsini və mümkün pozuntuların araşdırılmasını tələb edirlər. Bəzi etirazçılar araşdırmanın Hindistanın Mərkəzi İstintaq Bürosu tərəfindən aparılmasını istəyirlər.
Etiraz aksiyasının liderlərindən biri Devendra Nath Mahto artıq doqquz gündür aclıq aksiyası keçirir. O, təcili yardım avtomobili ilə aksiyanın keçirildiyi yerə gətirilib və nümayişçilərə xərəkdə qoşulub.
Jharkhand hakimiyyəti imtahanlarda ehtimal olunan pozuntuların araşdırılmasına hazır olduğunu açıqlayıb.
