Cari ilin iyul ayında okeanların səthinin orta temperaturu 20,96 dərəcə Selsi təşkil edib. Bu, meteoroloji müşahidələrin bütün tarixində iyul ayı üçün qeydə alınan ən yüksək göstəricidir.
Ucnoqta.az xəbər evrir ki, bu barədə Yer səthinin məsafədən zondlanması və xəritələşdirilməsi xidməti “Copernicus” məlumat yayıb.
Xidmətin iyul hesabatında bildirilir ki, qütb olmayan ərazilərdə – 60 dərəcə cənub enliyi ilə 60 dərəcə şimal enliyi arasında – okean səthinin orta temperaturu 20,96 dərəcə olub. Bu göstərici 2023-cü ilin iyulunda qeydə alınmış 20,89 dərəcəlik əvvəlki rekordu geridə qoyub.
Bundan əlavə, iyunun 19-dan etibarən dünya okeanında suyun temperaturu hər gün yüksəlib. “Copernicus” hesab edir ki, göstərici mütləq rekord həddə yaxınlaşır. Hazırda mütləq rekord 2024-cü ilin martında qeydə alınan 21,09 dərəcə hesab olunur. İyulun 31-də isə suyun temperaturu 21,05 dərəcəyə çatıb.
Meteoroloqlar qeyd edirlər ki, iyun ayında dəniz suyunun orta temperaturunun artması Sakit okeanda El-Ninyo fenomeninin inkişafı fonunda baş verib. Bu fenomen okean səthinin temperaturunun yüksəlməsi ilə müşayiət olunur.
Bununla belə, Copernicusun məlumatına görə, yüksək temperatur digər regionlarda da müşahidə edilir.
