Vaşinqton İranla danışıqların nəticəsində Hörmüz boğazından enerji resurslarının müharibədən əvvəlki həcmdə daşınmasının bərpa olunacağına ümid edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib.
“Ümid edirik ki, Fars körfəzi regionundan əvvəlki kimi, münaqişə başlamazdan əvvəlki həcmdə neft və qaz tədarükünün həyata keçirildiyini görəcəyik. İran bizə bunu edəcəyini bildirib. Fars körfəzi ölkələrindən ibarət bütün koalisiya da bunu istəyir”, – deyə Vens Fox News telekanalının efirində bildirib.
Vitse-prezident danışıqların uğurla nəticələnəcəyi təqdirdə Hörmüz boğazında əvvəlki vəziyyətin necə bərpa olunacağı ilə bağlı suala cavab verərkən qeyd edib ki, İranda bəzi dairələr boğazdan keçid üçün ödəniş tətbiq edilməsini müzakirə edirlər.
“İranlılar bizə Hörmüz boğazından keçid üçün ödəniş tətbiq etməyi planlaşdırmadıqlarını bildiriblər. Biz real addımlara baxacağıq”, – Vens deyib.
