Belarus Müdafiə Nazirliyi Silahlı Qüvvələr, digər qoşunlar və hərbi birləşmələr üçün zəruri olan ixtisasların siyahısını yeniləyib. Bu ixtisaslar üzrə hazırlıq keçmiş qadınlar ilkin olaraq hərbi qeydiyyata alınacaqlar.
Ucnoqta.az xəbər verir ki, müvafiq qərar Milli Hüquqi İnternet Portalında dərc olunub.
Sənədlə nazirliyin 3 fevral 2020-ci il tarixli qərarına dəyişiklik edilib. Yeni qaydalara əsasən, 19 yaşından etibarən müəyyən ixtisaslar üzrə hazırlıq keçmiş qadınlar ilkin olaraq hərbi qeydiyyata alınmalıdırlar.
Siyahıya orta ixtisas, ali və xüsusi ali təhsil, eləcə də orta ixtisas təhsili olan rəhbər işçilərin və mütəxəssislərin yenidən hazırlanması proqramları çərçivəsində əldə edilən bir sıra ixtisaslar daxildir.
Siyahıda, xüsusilə baytarlıq feldşeri, feldşer-mama, həkim köməkçisi, tibb bacısı, feldşer-laborant, əczaçı, həkim, provizor, ambulator-poliklinik yardım üzrə həkim köməkçisi, anestezioloq tibb bacısı, rentgen-laborant, əməliyyat tibb bacısı və hərbi feldşer kimi ixtisaslar yer alır.
Sənəd rəsmi dərc edildikdən sonra qüvvəyə minəcək.
